Xəzər Xəbər

NATO ölkələri Trampın təklifinə qarşı çıxdı

Dünya | 15:14 • 14 İyul 2018
NATO ölkələri Trampın təklifinə qarşı çıxdı
NATO ölkələrinin hərbi xərcləri ÜDM-un 4 faizinədək artırması dünyanı daha təhlükəsiz etməyəcək.


Almaniya xarici işlər naziri Hayko Maas belə deyib.


"Biz bilirik ki, sülh və təhlükəsizlik havayı əldə olunmur. Amma ÜDM-un 4 faizini müdafiəyə ayırmaq bizim dünyamızı daha təhlükəsiz etməyəcək.” – deyə Maas tvitter səhifəsində yazıb. Onu da əlavə edib ki, hərbi xərcləri artırmaq tədbirləri əvəzinə, beynəlxalq nizam və qaydalara riayət olunmasına cəhd edilsin.

Qeyd edək ki, bundan əvvəl Maas NATO sammitindəki mövqeyilə ABŞ prezidenti Donald Trampın alyans ölkələrinin təhlükəsizliyini təhdid altına qoyduğunu deyib. Belə ki, Tramp NATO ölkələrini nəinki ÜDM-rının 2 faizini alyansın büdcəsinə ödəmələrini tələb edib, hətta onları müdafiə xərclərini ÜDM-un 4 faizinə qaldırmağa çağırıb. Lakin bir çox Avropa ölkələri, xüsusən də Almaniya, Fransa və İtaliya buna qarşı çıxıblar.

Xatırladaq ki, NATO-nun 2017-ci ildəki müdafiə xərcləri 900 milyard dollar olub. Bu, dünya üzrə hərbi xərclərin 52 faizini təşkil edir. Eyni ildə Rusiyanın hərbi xərcləri isə 66,3 milyard dollar olub. NATO-nun yalnız 5 üzv ölkəsi – ABŞ, Yunanıstan, Böyük Britaniya, Estoniya və Polşa ÜDM-un 2 faizini alyansın büdcəsinə ayırır. /azvision.az

Xəbər lenti