Hindistan Ali Məhkəməsinin hakimləri bəyan ediblər ki, ölkə hökumətini Tac-Mahalı dağıtmağa məcbur edəcəklər. "Hindustan Times” xəbər verir ki, hakimlər bu qərarın
səbəbini Aqra şəhərində yerləşən memarlıq abidəsinin bərpaya ehtiyac
duyması ilə izah ediblər.
Onların fikrincə, dünyaca məşhur
türbəyə düzəldilməsi mümkün olmayan ciddi ziyanlar dəyib. Tac-Mahalın
tikildiyi ağ mərmərlər 350 ildən çoxdur ki, kif və çoxsaylı çatlarla
örtülüb. Hindistan hökuməti isə unikal mavzoleyin qorunub saxlanması
üçün heç bir iş görmür.
Bu səbəbdən də, hökumətin hərəkətsizliyi
və laqeydliyindən hiddətlənən Ali Məhkəmənin hakimləri Tac-Mahalın
sökülməsinə dair qərar çıxaracaqlarilə hədələyiblər. Hakimlərin
Hindistan hökumətinə ünvanlandığı məktubda problemin həlli üçün 3
variant təklif edilir: Tac-Mahal bağlansın, bərpa edilsin, yaxud
ümumiyyətlə tamamilə dağıdılsın. Hökumət isə bildirib ki, problemin
həlli Hindistan Texniki Universitetinə həvalə olunub. Müvafiq hesabatın
hazırlanması üçün 4 ay vaxt tələb olunur.
Qeyd edək ki,
Tac-Mahal dünyanın yeddi yeni möcüzəsindən biri sayılan unikal
türbə-məsciddir. Böyük Moğol İmperiyasının hökmdarı Cahan şahın vəfat
etmiş həyat yoldaşı Mümtaz-Mahalın xatirəsinə ucaltdığı bu abidəni XVII
əsrdə türk memarları tikib. Türbədə Mümtaz-Mahalın və Cahan şahın
tabutları yerləşdirilib.
Hindistanın Aqra şəhərində yerləşən
memarlıq abidəsi dünyada ən çox turist cəlb edən məkanlardan biridir.
Gün ərzində Tac-Mahalın gözəlliyini görmək üçün 200 min turist türbəni
ziyarət edir. Tac-Mahal 1983-cü ildə YUNESKO-nun dünyanın maddi-mənəvi
irsi elan edilib və Hindistanda müsəlman incəsənətinin incisi
adlandırılıb.