Xəzər Xəbər

Pakistan qaynayır: Nəvaz Şərif geri döndü…

Dünya | 12:59 • 13 İyul 2018
Pakistan qaynayır:

Pakistanın keçmiş baş naziri Nəvaz Şərif Londondan Pakistanın Lahor şəhərinə dönüb.

O, qızı Məryəm ilə birgə Pakistana qayıdıb.

N.Şərif Londondan ayrılmazdan öncə jurnalistlərə verdiyi açıqlamada Pakistanda həbs olunması təhdidinin onu fikrindən daşındırmayacağını bildirib. Eks-nazir ona qarşı irəli sürülən bütün ittihamların siyasi məqsədli olduğunu açıqlayıb.

Şərif sensasiyalı açıqlama da verib. O bildirib ki, Pakistanda təkcə dövlətin içində dövlət yoxdur, həm də özünü dövlətdən yüksək hesab edən başqa "paralel dövlət” də var.

Pakistan rəsmiləri isə Şərif və qızının ölkəyə gələn kimi həbs ediləcəyini açıqlayıb. Artıq keçmiş baş naziri qarşılamaq üçün Lahor hava limanına minlərlə tərəfdarı toplanmağa başlayıb. Bununla bərabər hava limanına 10 min polis də göndərilib. Üstəlik, Şərifin Müsəlman Liqası – Nəvaz Partiyasının 100-ə yaxın lideri də həbs edilib.

Qeyd edək ki, Nəvaz Şərif hələ də Pakistanın ən məşhur siyasətçisi sayılır. O, bir müddət əvvəl korrupsiyada ittiham edilərək baş nazir vəzifəsindən uzaqlaşdırılıb. Daha sonra o, 10 il, qızı Məryəm isə 7 il həbs cəzasına məhkum edilib. Qərarın elan olunduğu vaxt Britaniyada olan Nəvaz Şərif rəsmi İslamabada müraciət edərək, həyat yoldaşının xəstəliyinə görə Londonda olduğunu bildirib və bunun üçün məhkəmənin təxirə salınmasını istəyib. Lakin onun bu istəyi nəzərə alınmayıb.

Xəbər lenti