ABŞ dövlət katibi Mayk Pompeo prezident Donald Trampla birlikdə Amerika-Rusiya sammitinə yollanacaq. Bu barədə ABŞ Dövlət Departamentindən verilən bəyanatda bildirib.
"Pompeo 16 iyulda Helsinkidə Rusiya prezidenti Vladimir Putinlə görüşdə prezident Donald Trampı müşayiət edəcək” – deyə vurğulanıb.
Qeyd edilib ki, Helsinkidə keçiriləcək ABŞ-Rusiya sammitində Pompeonun rusiyalı həmkarı Sergey Lavrovla görüşü planlaşdırılır. Bundan əvvəl Lavrov bildirmişdi ki, görüşün təşəbbüskarı Amerika tərəfidir.
Lakin bir neçə gün əvvəl ABŞ-ın "Politico" qəzeti Ağ Evdən əldə etdiyi siyahıya əsasən xəbər vermişdi ki, ABŞ dövlət katibi Mayk Pompeo, həmçinin Trampın qızı İvanka və kürəkəni Cared Kuşner Putinlə görüşdə iştirak etməyəcəklər.
Trampı
"Fox News" telekanalının sabiq rəhbəri, hazırda Ağ Evin kommunikasiya
məsələləri üzrə direktoru olan Bill Şayn, Ağ Evin aparat rəhbəri Con
Kelli, ABŞ
prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Con Bolton,
siyasi məsələlər üzrə köməkçi Stiven Miller və digərləri müşayiət
edəcək.
Xatırladaq ki, Trampla Putinin ilk təkbətək görüşü 16
iyulda Finlandiyanın paytaxtı Helsinkidə baş tutacaq. Danışıqların əsas
mövzuları ABŞ-Rusiya münasibətlərinin hazırkı vəziyyəti və gələcək inkişafının perspektivləri, Rusiyanın ABŞ-dakı seçkilərə müdaxiləsi məsələsi, həmçinin beynəlxalq gündəliyin aktual məsələləri – Suriya və Ukraynadakı böhran olacaq.