Xəzər Xəbər

Estoniya “Balticconnector” təbii qaz boru kəmərinin inşasına razılıq verib

Dünya | 11:36 • 7 İyul 2018
Estoniya “Balticconnector” təbii qaz boru kəmərinin inşasına razılıq verib

Estoniya hökuməti Finlandiya ilə arasında planlaşdırılan və Baltik dənizindən keçəcək təbii qaz boru kəmərinin inşasına razılıq verib.


AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, Estoniya və Finlandiya arasında inşa ediləcək təbii qaz boru kəməri üçün işlərə başlanıb. Estoniya hökuməti Baltik dənizindən keçəcək qaz boru kəmərinin tikintisinin Finlandiya iqtisadi zonasına məsul "Elering” şirkətinin fəaliyyətinə razılıq verib.


2020-ci ildə istismara verilməsi planlaşdırılan boru kəməri gündəlik 7,2 milyon kubmetr qaz nəqletmə qabiliyyətinə malik olacaq. Uzunluğu153 kilometr olacaq boru kəməri layihəsinin dəyəri 300 milyon avro təşkil edəcək. "Balticconnector” adlandırılan boru kəmərinin xərclərinin böyük hissəsi Avropa İttifaqı tərəfindən qarşılanacaq.


Boru kəmərinin 80 kilometrlik hissəsi Baltik dənizinin altından keçməklə Finlandiyanın İnkoo və Estoniyanın Paldiski şəhərlərini əhatə edəcək. Estoniyada boru kəmərinin uzunluğu 50 kilometr olacaq. Boru kəməri Finlandiya və Estoniyanın dəniz sularından keçəcək.

Xəbər lenti