Xəzər Xəbər

Böhran sovuşsa da suallar qalır

Dünya | 13:54 • 4 İyul 2018
Böhran sovuşsa da suallar qalır

Almaniyada kəskin hökumət böhranı tənzimlənib, lakin miqrasiya siyasəti ilə əlaqədar sualların əsl cavabı tapılmayıb. Şimali Afrikanın hansı ölkələrində qaçqınlar üçün tranzit düşərgələr yaradılmalıdır? Belə düşərgələrin yaradıla biləcəyi ölkələr əvvəlcə bu məsələyə əsasən mənfi münasibət bəsləyirdilər.


Ümumiyyətlə, hansı ölkələrdə insanın adi hüquqlarına riayət ediləcəyinə əmin olmaqla bu barədə danışıqlar aparmaq və sövdələşmək olar? Avropaya gedən yolda maneələrlə üzləşmiş miqrantları kim təmin edəcək? Əlcəzairdən alınmış son kadrlardan göründüyü kimi aralarında hamilə qadınlar və uşaqlar da olmaqla minlərlə insan temperaturun kölgədə 50 dərəcəyə çatdığı səhraya göndərilir, orada ac-susuz, əzabla ölürlər.


Artıq indi Livan kimi bir ölkə bütün Avropa ölkələrinin birlikdə qəbul etdiyindən daha çox sayda qaçqın qəbul edir. Həqiqətin gözünə düz baxmaq lazımdır – bu da miqrasiya axınının azaldılmasına yönəlmiş Avropa miqrasiya siyasətinin tərkib hissəsidir.


Avropanın daxilində miqrasiya siyasəti ilə əlaqədar cavabsız suallar çoxdur: qaçqınlar üçün düşərgələr hansı ölkədə yaradılacaq? Hansı dövlətlərin hökumətləri Avropada xarici sərhədləri ən böyük olan və daha çox sayda qaçqın qəbul etmək məcburiyyətində qalmış İtaliya və Yunanıstan kimi ölkələrə kömək etməyə hazırdır?


XDİ/XSİ mühafizəkar blokuna daxil olan partiyalar yalnız bütün imkanlarını "qumara qoymaq” bahasına bu cür qısa müddətdə razılığa gələ biliblər. Lakin bu razılaşmaların yaxın gələcəkdə həyata keçirmək mümkün olan hissəsi yalnız ondan ibarətdir ki, Avropa İttifaqının sərhədlərinin qorunması gücləndiriləcək. Frontex Avropa sərhəd xidməti üçün, eləcə də sərhəd hasarları quracaq firmalar üçün yaxşı dövr başlanır.


Merkel üç il ərzində humanist miqrasiya siyasəti uğrunda mübarizə aparır. O, səhvlərə də yol verib. Kommunikasiya çox vaxt uğursuz olub, aşkar qüsurlar da göz qabağında idi. Lakin indi ölkədə ab-hava, yeni partiya landşaftı, Avropa İttifaqının daxilində münasibətlər və nəhayət, hakim koalisiya üzrə onun tərəfdaşı olan XSİ-nin mövqeyi Merkeli öz fəaliyyət xəttini sərtləşdirməyə məcbur edib.


Lakin ehtiyacı olan insanlara kömək etməyin zəruri olmasına kanslerin qəti inamı dəyişməyib. Merkeli qarşıda daha çətin sınaqlar gözləyir – Avropa İttifaqında sərhəd hasarları tikilməsi ilə bərabər ciddi miqrasiya qanunvericiliyi üzərində gərgin iş aparılmalıdır. Bu qanunvericilik Afrika ölkələri ilə tərəfdaşlıq münasibətlərini tənzimləməyə kömək etməli, insanların öz vətənini tərk etməməsi uğrunda mübarizə aparan qüvvələri daha artıq dərəcədə dəstəkləməlidir.


İndiki məqamda hasarlar və sərhəd postları Avropa İttifaqı ölkələrinin hökumətlərini qoruya bilər, lakin bu tədbirlər miqrasiya probleminin uzunmüddətli həlli deyil. (AZƏRTAC)

Xəbər lenti