Xəzər Xəbər

Ohanyan yenidən dindirildi Sabiq nazirin başı dərddədir

Dünya | 12:54 • 4 İyul 2018
Ohanyan yenidən dindirildi
Ermənistanın sabiq müdafiə naziri Seyran Ohanyan 2008-ci il prezident seçkilərindən sonra hökumətin dinc əhaliyə qarşı güc tətbiq etməsilə əlaqədar başladılan araşdırma çərçivəsində Xüsusi İstintaq Komitəsinə çağırılıb.

Bu barədə Ohanyan mediaya müsahibəsində deyib.


O, bildirib ki, 2008-ci ilin 1 mart hadisələrilə əlaqədar istintaqa çağırılaraq ifadəsi alınıb. Lakin Ohanyan jurnalistlərin məsələ ilə bağlı digər suallarına cavab verməkdən imtina edib. Həmçinin, mart hadisələrində o zamankı müdafiə naziri Mikael Arutyunyanın rolunun olması barədə şərh verməyib.


Bundan əvvəl isə sabiq prezident Robert Koçaryan istintaqa çağırıldığı haqda xəbər yayılmışdı.

Xatırladaq ki, 2008-ci ildə Seyran Ohanyan Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisi vəzifəsində olub. Martın 1-də aksiya iştirakçıları Serj Sarkisyanın prezident seçilməsinə etiraz ediblər. İrəvanda polislə aksiya iştirakçıları arasında baş vermiş toqquşma nəticəsində azı 8 nəfər dinc etirazçı qətlə yetirilib, daxili qoşunların 2 əməkdaşı ölüb. Baş verənlərlə bağlı indiyədək cinayət işi açılmayıb və insanların qətlinə görə heç kəs cəzalandırılmayıb.

Ermənistanın baş naziri Nikol Paşinyan vəzifəyə gəldikdən sonra mart hadisələrinin istintaqına dair göstəriş verib. Nəticədə Xüsusi İstintaq Qrupu yaradılıb və 2008-ci il fevralın 23-dən martın 2-nə qədər vəzifədə olmuş müdafiə naziri və digər rəsmilərə qarşı cinayət işi qaldırılıb.

İstintaq sənədlərində qeyd olunub ki, o zamankı vəzifəli şəxslər, həmçinin müdafiə naziri Mikael Arutyunyan Konstitusiya quruluşunun zorakılıqla devrilməsinə yönəlmiş fəaliyyətlərə yol veriblər. Nazir və digər vəzifəli şəxslər ordunun siyasi proseslərə qarışmaması və neytrallığını qorumasına dair Konstitusiya müddəasını pozublar. Prezidentin yalnız Ermənistana silahlı hücum, birbaşa təhdid və ya müharibə elan olunması halında fövqəladə vəziyyət elan edərək ordudan istifadə etmək hüququna malik olması barədə Konstitusiya maddəsi pozulub. Nəticədə 2008-ci il prezident seçkiləri ərəfəsində Konstitusiyada əksini tapmış azad seçki prinsipi pozulub, xalq öz hakimiyyətini azad seçki yolu ilə həyata keçirmək imkanından məhrum olub, seçkilərin nəticələrini qəbul etməyən dinc etirazçılara qarşı Arutyunyanın "Ali Baş Komandan tərəfindən qoyulmuş tapşırıqların yerinə yetirilməsi haqqında” gizli və qanunsuz əmri ilə güc tətbiq edilib.

Hazırda mart hadisələrində təqsirləndirilən şəxs qismində sabiq müdafiə naziri Mikael Arutyunyan haqqında axtarış elan edilib.

Onu da deyək ki, 2008-ci ilin fevralındakı prezident seçkiləri zamanı Ermənistanın indiki baş nazir Nikol Paşinyan müxalifətdən prezidentliyə namizəd Levon Ter-Petrosyanın seçki qərargahının üzvlərindən biri olub. Serj Sarkisyanın prezident seçilməsinə qarşı keçirilən mitinqlərdə o da iştirak edib. Lakin mart qırğınından sonra gizlənib və hüquq-mühafizə orqanları tərəfindən axtarışa verilib. Lakin 2009-cu ildə Paşinyan hakimiyyətə təslim olub. Kütləvi iğtişaşların təşkilində ittiham olunan Paşinyan 2010-cu ildə məhkəmənin 7 il azadlıqdan məhrumetmə hökmü ilə həbs olunub, lakin qısa müddətdən sonra - 2011-ci ildə amnistiya aktı ilə azadlığa buraxılıb. /azvision.az

Xəbər lenti