Xəzər Xəbər

Suriya ordusu İordaniya və İsrail sərhədindəki bölgədə nəzarəti ələ keçirib

Dünya | 10:32 • 1 İyul 2018
Suriya ordusu İordaniya və İsrail sərhədindəki bölgədə nəzarəti ələ keçirib

Suriya ordusunun Rusiya hərbi aviasiyasının dəstəyi ilə ölkənin cənubunda yerləşən Dera əyalətində həyata keçirdiyi geniş miqyaslı əməliyyatla əlaqədar müxalif qüvvələr 8 şəhərdən çıxmağa razılaşıb.

APA-nın Alman dalğası radiosuna istinadən verdiyi məlumata görə, Deranın şimalında və şərqində yerləşən 8 şəhər artıq hökumət qüvvələrinin nəzarətinə keçib.

Razılaşmaya bu şəhərlərdə qalmaq istəyən müxaliflərin tərksilah olmasını, digər müxaliflərin isə müxalif qüvvələrin nəzarətindəki İdlib əyalətinə getməsini nəzərdə tutur.

Qeyd edək ki, Dera əyaləti İordaniya və İsraillə sərhəddə strateji bölgədə yerləşir. Dera əyalətinə hücum iyunun 19-da başlayıb. Beləliklə, müxaliflərin 8 şəhərdən çəkilməsi ilə əyalətin ərazisinin yarıdan çoxu prezident Bəşər Əsədə sadiq qüvvələrin nəzarətinə keçib. Buna qədər hökumət qüvvələri əyalətin 30 faizinə nəzarət edib.

Derada tam nəzarətə nail olunması həm də prezident Bəşər Əsəd üçün simvolik qələbə olacaq. Çünki 2011-ci ilin martında məhz Derada Bəşər Əsəd rejiminə qarşı etirazlar başlayıb. Bu, sonradan ölkədə hələ də davam edən və 350 mindən çox insanın ölümünə səbəb olan geniş miqyaslı müharibəyə yol açıb.

Xəbər lenti