Xəzər Xəbər

Klaqenfurt şəhərində Azərbaycanın fəxri konsulluğu açılıb

Dünya | 09:52 • 1 İyul 2018
Klaqenfurt şəhərində Azərbaycanın fəxri konsulluğu açılıb

Avstriyanın Klaqenfurt şəhərində Azərbaycanın Karintiya və Ştiriya federal əyalətləri üzrə fəxri konsulluğunun açılışı olub.


Fəxri konsulluğun açılışında Karintiya federal əyalətinin qubernatoru Peter Kayzer, Əyalət Parlamentinin (Landtaq) prezidenti Raynhart Rohr, Klaqenfurt şəhərinin meri Mariya-Luize Matiaşits, baş və fəxri konsulluqların, Karintiya və Ştiriya əyalətlərində fəaliyyət göstərən diplomatik korpusun, siyasi partiyaların təmsilçiləri, hər iki əyalətin ictimai-siyasi və mədəni həyatında mühüm rol oynayan şəxslər, müxtəlif şirkət və müəssisələrin nümayəndələri iştirak ediblər.


Xezerxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, tədbirin əvvəlində Azərbaycanın və Avstriyanın dövlət himnləri səsləndirilib.


Mərasimin açılışında Azərbaycan Respublikasının Avstriyadakı səfiri Qalib İsrafilov iki ölkə arasında əlaqələrin yüksək səviyyədə inkişaf etdiyini qeyd edib, ötən dövr ərzində dövlət rəhbərləri səviyyəsində qarşılıqlı səfərlərin baş tutduğunu və əlaqələrin daha da inkişafı üçün perspektivlərin mövcud olduğunu bildirib. Ölkəmizdə dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə aparılan geniş quruculuq işlərindən bəhs edən səfir Azərbaycanın iştirak etdiyi regional layihələr, respublikamızın Şərq-Qərb və Şimal-Cənub istiqamətində strateji tranzit mərkəzinə çevrilməsi istiqamətində görülən işlər barədə danışıb. Səfir Bakı Ticarət Limanı və Çinə qədər uzanması nəzərdə tutulan dəmir yolu bağlantısının gələcəkdə Avropa və Asiya arasında ticari əlaqələri daha da intensiv və səmərəli hala gətirəcəyini vurğulayıb. Həmçinin qeyd edilib ki, bu günlərdə açılışı olan TANAP qaz kəməri layihəsi ilə Azərbaycan Avropanın enerji təminatına yeni töhfələr verəcək.


Fəxri konsul Helmut Mansenrayter çıxışında uzun illər Fillax (Villach) şəhərinin meri kimi fəaliyyət göstərdiyini, əyalətin və regionun ictimai-siyasi, iqtisadi həyatına yaxından bələd olduğunu bildirib. O, iki ölkə arasında əlaqələrin daha da möhkəmlənməsinə çalışacağını, işgüzar dairələr arasında əməkdaşlığın qurulmasında səylərini əsirgəməyəcəyini vurğulayıb.


Karintiya əyalətinin qubernatoru Peter Kayzer və Klaqenfurt şəhərinin meri Mariya-Luize Matiaşits əyalətdə Azərbaycanın fəxri konsulluğunun açılmasından məmnun olduqlarını qeyd ediblər. Onlar fəxri konsulluğun fəaliyyəti nəticəsində həm iki ölkə, həm də ölkələrin regionları arasında dostluğun və iqtisadi əlaqələrin möhkəmlənəcəyinə əmin olduqlarını bildiriblər.


Qeyd edək ki, Avstriyanın Klaqenfurt şəhərində açılışı keçirilən fəxri konsulluq Azərbaycanın bu ölkədəki sayca ikinci fəxri konsulluğudur. İlk fəxri konsulluq mayın 15-də Aşağı Avstriya federal əyalətinin paytaxtı Sankt Pölten şəhərində açılmışdı.

Xəbər lenti