Xəzər Xəbər

“Boeing” səsdən sürətli yeni sərnişin təyyarəsi hazırlayır

Dünya | 14:58 • 30 İyun 2018
“Boeing” səsdən sürətli yeni sərnişin təyyarəsi hazırlayır

"Boeing” kompaniyası saatda 6 min kilometr sürətlə uçan səsdən sürətli yeni sərnişin təyyarəsi istehsal etmək barədə planlarının olduğunu bəyan edib.

AZƏRTAC Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, yeni təyyarə Atlantik okeanı üzərindən təxminən 2 saata uça biləcək. İndiyədək bu marşrut üzrə qeydə alınan uçuş sürəti rekordu (2 saat 52 dəqiqə) İngiltərə və Fransanın birgə istehsalı olan "Concorde” təyyarəsinə aiddir. Hazırda səs sürətinə yaxın indiki laynerlər isə Londondan Nyu-Yorka qədər olan məsafəni təxminən 7 saata qət edir.

Kompaniyadan bildiriblər ki, səsdən sürətli yeni təyyarənin istifadəsi ilə istənilən şəxs bir sutka ərzində okeanın o tayına keçərək geri qayıda biləcək.

Ekspertlərin fikrincə, təyyarənin sınaq nümunəsi ən tez 2023-cü ildə havaya qalxacaq. "Boeing” kompaniyası isə 2030-cu illərin sonlarına qədər müntəzəm reysləri həyata keçirməyi planlaşdırır.

Xatırladaq ki, maksimal sürəti saatda 2179 kilometr olan "Concorde” sərnişin təyyarəsi ilk kommersiya uçuşunu 1976-cı ilin yanvarında həyata keçirmişdi. Onları hər birində 7 təyyarə olmaqla, British Airways və Air France aviaşirkətləri istismar edirdi. 27 il ərzində müntəzəm və çarter reysləri ilə 3 milyondan çox sərnişin daşınmışdı. 2000-ci ilin iyulunda bir təyyarə Parisin Şarl de Qoll aeroportundan uçuş zamanı qəzaya uğradı. 113 nəfərin ölümü ilə nəticələnən bu qəzadan sonra "Concorde” təyyarələrinin uçuşları altı aylığına saxlanıldı. 2003-cü ildə isə əvvəlcə Air France, onun ardınca da British Airways yanacağın qiymətinin artması ilə əlaqədar uçuşları birdəfəlik dayandırdılar.

Xəbər lenti

Çox oxunanlar