Xəzər Xəbər

Belçika ərəblərə silah satışını dayandırdı

Dünya | 14:03 • 30 İyun 2018
Belçika ərəblərə silah satışını dayandırdı
Belçikanın Dövlət Şurası ölkənin əsas hərbi-sənayə kompleksi "FN Herstal”ın Səudiyyə Ərəbistanına silah satışını nəzərdə tutan 8 lisenziyanı müvəqqəti olaraq geri götürüb.

Bu barədə "Belga" agentliyi məlumat yayıb.


Belçika krallığının hüquq orqanı bu qərarını "FN Herstal” şirkətinə silah ixracı üçün lisenziya vermiş Valloniya (Belçikanın fransız dilli regionu) hakimiyyətinin "Mülki silah və müdafiə məhsullarının verilməsi, tranziti, idxalı və ixracı haqqında” 2012-ci il reqlamentinin tələblərinə müvafiq olaraq, Səudiyyə Ərəbistanında fundamental hüquq və azadlıqlara riayət olunması ilə bağlı vəziyyəti tam tədqiq etməməsi ilə izah edib.


Qeyd edək ki, 2017-ci ildə Səudiyyə Ərəbistanı 153 milyon dollarlıq məhsul almaqla, Belçikanın "FN Herstal” hərbi şirkətinin ilk müştərisi olub. Lakin "Amnesty International”ın dəstəyi ilə Belçikadakı insan hüquqları üzrə bir sıra QHT-lər və mərkəzlər Dövlət Şurasına müraciət göndərərək, Səudiyyə Ərəbistanına uçuş aparatları və silahların ixracını nəzərdə tutan 28 lisenziyanın ləğv edilməsini, həmçinin Avropa İttifaqı səviyyəsində Ər-Riyada silah satışına embarqo qoyulmasını tələb ediblər. Onlar qeyri-demokratik ölkələrə, o cümlədən əsas insan hüquqlarının təmin edilmədiyi və pozulduğu Səudiyyə Ərəbistanının silahlandırılmasının əleyhinədirlər.

Xəbər lenti