ABŞ Cənubi Koreyanın
paytaxtı Seul şəhərindəki 70 illik hərbi mövcudluğuna son qoyub. Ötən
gün keçirilən mərasimdə Seuldakı amerikan hərbi kontingentinin Şimali
Koreya artilleriya məsafəsindən daha uzağa çəkilərək yeni qərargaha
daşınması qeyd olunub. Bu barədə "Washington Post” məlumat yayıb.
ABŞ
hərbçilərinin Cənubi Koreyadakı yeni bazası Pyonqtekdəki Hamfris
düşərgəsində yerləşəcək. Baza paytaxt Seuldan 70 kilometr aralıda
yerləşir. Vaşinqtonun Cənubi Koreyadakı hərbi kontingentini Şimali
Koreya ilə sərhəddən bir qədər uzaqlaşdırmaq qərarı Sinqapur sammitindən
sonra Koreya yarımadasında nüvəsizləşmə və sülhə dair əldə olunan yeni
və kövrək razılaşmadan irəli gəlir. Lakin Vaşinqtonun bildirdiyinə görə,
bu məsələ çoxdandır ki, planlaşdırılırdı və artıq ABŞ hərbi bazasının əksər hissəsi yeni məkana köçürülüb. Seulda qalan azsaylı hissə isə ilin sonunadək yeni bazaya daşınacaq.
Seuldan köçürülmə əməliyyatı Cənubi Koreyadakı ABŞ
hərbi bazasının və 28 min 500 amerikalı hərbçinin iki əsas qovşaqda –
şimaldakı Pyonqtek və cənub-şərqdəki Dequ şəhərlərində yerləşdirilməsi
planının bir hissəsidir.
Tədbirdə iştirak edən Cənubi Koreyadakı ABŞ
hərbi qüvvələrinin komandanı, general Vinsent Bruks bildirib ki, bu
planla onlar təhlükəsizlik məqsədilə sıx məskunlaşan ərazilərdən
uzaqlaşmağı, effektivlik, çeviklik və hərbi hazırlığı təkmilləşdirmək
istəyirlər.
ABŞ hava
məkanına yaxın yerləşən Pyonqtekdəki 1420 hektarlıq Amerikan hərbi
bazanın tikintisi üçün 11 milyard dollar vəsait xərclənib. Bu məbləğin
90 faizini Cənubi Koreya ödəyib. Pyonqtekdəki Hamfris bazası hazırda ABŞ-ın
ölkə hüdudlarından kənardakı ən geniş hərbi bazasıdır. Cənubi Koreya
prezidenti vurğulayıb ki, bu baza Vaşinqton-Seul müttəfiqliyinin təməl
daşıdır. /azvision.az