Xəzər Xəbər

ABŞ mühacirləri tərk edilmiş hərbi obyektlərdə yerləşdirmək istəyir

Dünya | 16:48 • 23 İyun 2018
ABŞ mühacirləri tərk edilmiş hərbi obyektlərdə yerləşdirmək istəyir

ABŞ-ın Hərbi Dəniz Qüvvələri Kaliforniya, Alabama və Arizona ştatlarındakı uzaq hərbi bazalarda on minlərlə mühacir üçün yerləşmə mərkəzləri tikmək üzrə plan hazırlayır.


ABŞ Hərbi Dəniz Qüvvələrinin rəhbərliyinə bununla bağlı ünvanlanan xidməti məktubun ilkin variantı "Time” jurnalının əlinə keçib. Jurnal yazır ki, plana əsasən, Alabama ştatında Hərbi Dəniz Qüvvələrinin tərk edilmiş aerodromlarında 25 min mühacir üçün müvəqqəti çadır şəhərciyi, həmçinin San-Fransisko və Cənubi Kaliforniya ştatlarında istifadə olunmayan hərbi bazalarının ərazisində hər biri 47 min qaçqın üçün nəzərdə tutulan iki düşərgə tikiləcək. Mühacirlər üçün daha bir yerləşmə mərkəzi isə dəniz piyadalarının Arizona ştatının Yuma şəhəri yaxınlığındakı aerodromunda yaradılacaq. Qurumun hesablamalarına əsasən, 25 min nəfərlik çadır şəhərciyinin tikintisinə 6 ay və 233 milyon dollar lazım gələcək.


Nəşr hələlik hərbçilərə belə mərkəzlərin tikintisi barədə əmrin verilmədiyini vurğulayır. ABŞ Hərbi Dəniz Qüvvələrinin nümayəndəsi Qreq Hiks isə bu barədə şərh verməkdən yayınıb.


Xatırladaq ki, sərhəddən qanunsuz keçənlərə qarşı aprel ayından tətbiq olunan "sıfır dözümlülük” siyasəti nəticəsində azı 2,3 min uşaq valideynlərinin əlindən alınıb və indiyə qədər də ayrı saxlanılır. Hökumətin bu siyasəti cəmiyyətdə ciddi etirazlarla qarşılanıb. ABŞ Prezidenti Donald Tramp ictimaiyyətin təzyiqləri altında iyunun 20-də miqrasiya haqda fərman imzalamağa məcbur olub. Sənəddə qanunsuz mühacirlər həbs olunan zaman uşaqların valideynlərinin əlindən alınmaması tövsiyə edilir.


Prezidentin fərmanına baxmayaraq, ABŞ Səhiyyə Nazirliyi və Pentaqon valideynlərin müşayiəti olmadan 20 min mühacir uşağı yerləşdirmək üçün hərbi bazalarda düşərgələr hazırlayır. Bu barədə "New York Times” nəşri məlumat yayıb. (AZƏRTAC)

Rubrikanın digər xəbərləri

Xəbər lenti