Xəzər Xəbər

Cənubi Koreya və KXDR bölünmüş ailələrin görüşü barədə razılığa gəlib

Dünya | 17:59 • 22 İyun 2018
Cənubi Koreya və KXDR bölünmüş ailələrin görüşü barədə razılığa gəlib

Cənubi Koreya və KXDR nümayəndələri iyunun 22-də Qırmızı Xaç cəmiyyətinin xətti ilə baş tutan danışıqların gedişində bölünmüş ailələrin görüşü barədə razılığa gəlib. Görüşün avqustun 20-26-da keçiriləcəyi planlaşdırılır.


AZƏRTAC Yonhap-a istinadla xəbər verir ki, bu barədə Cənubi Koreyanın Milli Birlik üzrə Nazirliyinin yaydığı məlumatda bildirilir.


Görüşdə hər tərəfdən 100 insanın iştirak edəcəyi gözlənilir. Bundan başqa, iyulun 3-də tərəflərin dünyasını dəyişmiş qohumlar barədə məlumat verəcəyi, avqustun 4-də isə ailələrin görüşündə iştirak edəcək insanların yekun siyahısını təqdim edəcəyi qərara alınıb.


"Şimali Koreya və KXDR ailələrin birləşməsi üçün seçilmiş Kımqansan dağındakı kompleksi təmir edəcək. Cənubi Koreya tərəfi vəziyyətlə yerində tanış olmaq üçün iyunun 27-də mütəxəssisləri kompleksə göndərəcək”, - deyə qurumun məlumatında bildirilir.


Bölünmüş ailələrin görüşü hər iki Koreya dövlətinin Qırmızı Xaç cəmiyyətlərinin xətti ilə 1980-ci illərin əvvəlindən başlayaraq keçirilir. Sonuncu belə görüş 2015-ci ildə baş tutub. Görüşlərin bərpa olunması üzrə razılıq aprelin sonlarında KXDR lideri Kim Çen In və Cənubi Koreya Prezidenti Mun Çje İnin iştirakı ilə keçirilən sammitdə əldə olunub.


Xatırladaq ki, Koreya 1945-ci ildə Yaponiyanın kolonial işğalından azad olunduqdan sonra iki yerə bölünüb. Şimalda SSRİ-nin köməyi ilə Koreya Xalq Demokratik Respublikası, cənubda isə ABŞ-ın dəstəyi ilə kapitalist Koreya Respublikası yaradılıb. 1950-1953-cü illərdə baş verən və atəşkəs barədə sazişlə dayandırılan müharibədən sonra bir çox ailə dövlətləri ayıran demilitarizasiya xəttinin müxtəlif tərəflərində qalıb.

Xəbər lenti