Xəzər Xəbər

Hitler Almaniyasının SSRİ-yə hücumunun ildönümü qeyd edilir

Dünya | 17:55 • 22 İyun 2018
Hitler Almaniyasının SSRİ-yə hücumunun ildönümü qeyd edilir

Bu gün dünya düz 77 il əvvəl Hitler Almaniyasının Sovet İttifaqına hücumu ilə başlanmış Böyük Vətən müharibəsi qurbanlarının xatirəsini anır. Holokostu bütün Almaniya xatırlayır, amma keçmiş SSRİ ölkələrində vermaxtın cinayətlərini heç də hər alman bilmir. Məsələn, tələbə və məktəblilərin çoxu Babiy Yarda, Xatında nələr baş verdiyindən, Belarusda nə qədər kənd yandırıldığından xəbərsizdir. Avropanın şərqində əvvəlcə Polşaya, daha sonra Sovet İttifaqına qarşı müharibəyə başlamış nasistlərin həmin yerlərdə törətdikləri cinayətlər barədə Almaniyada məlumatı olanlar azdır.


Auşvitsdən şərqdə baş verənlər barədə çox az vizual xatirə qalıb. Berlinin mərkəzində Holokost qurbanlarının böyük memorialı ucaldılıb, amma bəşəriyyət tarixində ən dəhşətli müharibələrdən birinin qurbanları olmuş polyakların, rusların, belorusların, Baltik ölkələri sakinlərinin abidəsi yoxdur.


Bəs nə üçün belə olub? Berlində yeni abidənin yaradılması vəziyyəti düzəldə bilərmi? Düzəldə bilərsə, onda həmin abidə necə olmalıdır? Mayın sonunda Bonn Universitetində aparılan açıq diskussiya bu məsələlərə həsr olunub. Lüdviq Maksimilian adına Münxen Universitetinin tarixçisi, professor Martin Şultse Vessel belə bir misal çəkib: "Fransanın Oradur kəndində kütləvi qətliam olduğunu Almaniyada hamı bilir. 1944-cü il iyunun 10-da nasistlər bu kənddə daşı daş üstündə qoymayıblar, 600-dən çox kənd sakinini qətlə yetiriblər. Amma elə həmin Belarusda təqribən 7 min belə kənd olub”.


Professorun sözlərinə görə, çox vaxt hətta region üzrə mütəxəssislər hadisələrin təfərrüatını bilmir. Onun qızları məktəbdə Almaniyada nasional-sosializm dövrünü ətraflı öyrənirlər. Amma Şərq cəbhəsindəki (Böyük Vətən müharibəsi Almaniyada belə adlanırdı) hadisələrə dərslərdə az diqqət yetirilir.


Yaranmış vəziyyət Şərqi Avropa tarixi üzrə mütəxəssisləri narahat edir və onları bu barədə düşündürür. Tarixçilər vəziyyəti müxtəlif cür izah edirlər. Bir tərəfdən, ölkələr arasında əlaqələrin zəif olduğu soyuq müharibə dövrü öz izini qoyub. Digər tərəfdən, belə bir fakt da öz rolunu oynayıb ki, Avropanın şərqindəki müharibədən fərqli olaraq, Holokost kitab və filmlərdə daha yaxşı işıqlandırılıb. (AZƏRTAC)

Xəbər lenti