Xəzər Xəbər

Rusiya Xəzərin hüquqi statusu haqqında Konvensiya layihəsini təsdiqlədi - başqa ölkələrin dənizdə hərbi mövcudluğu qadağan edilir

Dünya | 17:30 • 22 İyun 2018
Rusiya Xəzərin hüquqi statusu haqqında Konvensiya layihəsini təsdiqlədi -

Rusiya hökuməti Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya layihəsini təsdiqləyib.

APA-nın xəbərinə görə, bu barədə məlumat Rusiya Nazirlər Kabinetinin saytında yerləşdirilib.

Sənədi iyunun 21-də Rusiya baş naziri Dimitri Medvedev imzalayıb.

Qərarda Azərbaycan, İran, Qazaxıstan və Türkmənistanla razılaşdırılmış Konvensiya layihəsinin bəyənildiyi qeyd edilir.


Qeyd edilir ki, Xəzərin hüquqi statusu ilə bağlı Konvensiyanın iştirakçıları bu sənədə tərəf olmayan ölkələrin silahlı qüvvələrinin Xəzər dənizində mövcud olmaması prinsipinə sadiq qalmalıdır.


Layihədə bildirilir ki, Xəzər dənizində sahilyanı ölkələrin fəaliyyəti ərazi bütövlüyü, suverenliyə hörmət, güc tətbiq etməmək və güc tətbiqi ilə hədələməmək, qarşılıqlı hörmət, əməkdaşlıq və bir-birinin daxili işlərinə qarışmamaq prinsipləri əsasında tənzimlənəcək.


Tərəflər Xəzər dənizindən sülh məqsədilə istifadə edəcəklər, problemləri sülh yolu ilə qaydasına salacaqlar, Xəzərdə silahlanma balansını qoruyacaqlar, hərbi quruculuğu Konvensiyanın bütün tərəflərinin maraqları nəzərə alınmaqla, məqbul ölçüdə həyata keçirəcəklər.

Tərəflər öz ərazilərini Konvensiya ölkələrinə qarşı təcavüz və hərbi əməliyyat məqsədilə açmayacaqları barədə öhdəlik götürüblər.


Qərarda o da bildirilir ki, Konvensiya imzalanmaq üçün Rusiya prezidentinə təqdim edilsin.

Xəbər lenti