Xəzər Xəbər

Varşavanın Kral Sarayında AXC-nin 100 illiyi qeyd olunub

Dünya | 12:11 • 20 İyun 2018
Varşavanın Kral Sarayında AXC-nin 100 illiyi qeyd olunub

Ölkəmizin Polşadaki səfirliyinin və Varşava Kral Sarayının birgə təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı təntənəli tədbir keçirilib.


Səfirlikdən bildirilib ki, tədbirdə Mazovetski vilayətinin valisi, Polşa xarici işlər nazirinin müavini, dövlət qurumlarının, o cümlədən Polşa Senatı və Seyminin üzvləri, səfirlər və diplomatik korpusun nümayəndələri, bu ölkədə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının təmsilçiləri iştirak ediblər.


Tədbirdə pianoçu Murad Hüseynov, violonçelist Aleksey Miltıx və tarzən Sahib Paşazadə Azərbaycan və polyak bəstəkarlarının əsərlərindən ibarət parçalar ifa ediblər. Konsert iştirakçıların böyük rəğbətinə səbəb olub.


Konsert proqramından sonra səfir Həsən Həsənov Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümünün qeyd edildiyini, mövcud olduğu qısa dövr ərzində respublikamızın müstəqilliyinin dünyanın bir çox ölkələri tərəfindən tanındığını bildirib.


Sonra Polşanın xarici işlər nazirinin müavini Bartoş Çixotski yubiley münasibətilə təbriklərini çatdırıb, cari ildə Polşanın da müstəqilliyinin 100 illiyinin qeyd edildiyini vurğulayıb. O, Azərbaycan-Polşa münasibətlərinin davamlı inkişaf etdiyini bildirərək, ölkələrimiz arasında siyasi dialoqun yüksək səviyyədə olduğunu qeyd edib.


Tədbir çərçivəsində rəsmi ziyafət təşkil edilib.


Xəbər lenti