Xəzər Xəbər

Avropa İttifaqı Ukraynaya 1 milyard dollar verir

Dünya | 15:08 • 13 İyun 2018
Avropa İttifaqı Ukraynaya 1 milyard dollar verir
Avropa İttifaqının Ukraynaya 1 milyard dollar həcmində yeni makroiqtisadi maliyyə yardımı verməsinin başlıca şərti Kiyevin korrupsiya ilə mübarizə aparmasıdır.

Bu barədə Avropa İttifaqı Komissiyasının vitse-prezidenti Valdis Dombrovskis bəyan edib.


O, bildirib ki, bu yardım Ukraynada islahatlar aparılması ilə birbaşa və ciddi şəkildə bağlı olacaq. "Bu köməyin ayrılmasına dair Avropa İttifaqı ilə Ukrayna arasında razılaşdırılacaq qarşılıqlı anlaşma ilə bağlı memorandumda korrupsiya ilə mübarizə Kiyev qarşısında qoyulacaq siyasi şərtlərin mərkəzində olacaq” – deyə Dombrovskis vurğulayıb.


Valdis Dombrovskis, həmçinin vurğulayıb ki, Kiyev korrupsiya ilə mübarizəyə dair üzərinə götürdüyü öhdəlikləri mütləq yerinə yetirməlidir.

Qeyd edək ki, ötən gün Ukrayna prezidenti Pyotr Poroşenko ölkədə Antikorrupsiya üzrə Ali Məhkəmənin yaradılmasına dair parlamentin qəbul etdiyi qanunu imzalayıb. Antikorrupsiya üzrə Ali Məhkəmə vəzifəli şəxslərin törətdiyi korrupsiya cinayətləri üzrə işlərə baxacaq.

Xatırladaq ki, 2015-ci ildən Beynəlxalq valyuta Fondu Ukraynaya maliyyə köməyi edir. Antikorrupsiya məhkəməsinin yaradılması Ukraynaya növbəti kredit paketinin verilməsi üçün Beynəlxalq Valyuta Fondunun da Kiyev qarşısında qoyduğu əsas tələblərdən biridir. Dövlət borclarını ödəmək üçün Fondun verəcəyi pullara Ukraynanın böyük ehtiyacı var. /azvision.az

Xəbər lenti