Xəzər Xəbər

“Şimali Koreyaya qarşı sanksiyalar davam edəcək” Tramp

Dünya | 13:12 • 12 İyun 2018
“Şimali Koreyaya qarşı sanksiyalar davam edəcək”

"Biz bu gün hərtərəfli əməkdaşlığa dair saziş imzaladıq və düşünürəm ki, Kim Şimali Koreyaya çatanda prosesə tezliklə başlayacaq”.

APA-nın "Foxnews"a istinadən verdiyi xəbərə görə, bunu ABŞ prezidenti Donald Tramp Sinqapurda Şimali Koreya lideri ilə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

D. Tramp bildirib ki, Kim Çen Inın ölkəsi üçün yaxşı gələcək yaratmaq şansı var: "Hamı müharibə edə bilər, amma ən cəsarətli şəxslər sülh yarada bilər. Biz yeni tarix üçün hazırlıq gördük. Biz yeni səhifələr yazmağa hazırıq. Keçmiş gələcəyi müəyyən etməməlidir. Bu, dünyanın tarixində ən mühüm anlardan biridir”.

D. Tramp qeyd edib ki, Kim Çen In bu cür danışıqları başlatmaq üçün ondan əvvəlki ABŞ prezidentlərinə etimad göstərmədiyini söyləyib. O, görüş və anlaşmanın Şimali Koreya qədər ABŞ üçün də önəmli olduğunu vurğulayıb.

Bununla belə, D. Tramp Şimali Koreyaya qarşı sanksiyaların davam edəcəyini deyib. Onun sözlərinə görə, nüvəsizləşmə uzun prosesdir: "Şimali Koreyaya qarşı tətbiq edilmiş sanksiyalar nüvə təhlükəsinin aradan qalxdığına əmin olduğumuz zaman ləğv ediləcək. Mən sanksiyaları ləğv edəcəyim anı səbirsizliklə gözləyirəm”.

ABŞ prezidenti Sinqapura bu sammitə uğurla ev sahibliyi etdiyi üçün təşəkkürünü çatdırıb.

Xəbər lenti