Xəzər Xəbər

Niderlandda 3D evlərin tikintisinə başlanılır

Dünya | 14:45 • 10 İyun 2018
Niderlandda 3D evlərin tikintisinə başlanılır

Niderlandın Eyndhoven şəhərində dünyada ilk 3D evlərin inşasına başlanılıb.

XəzərXəbər xəbər verir ki, xüsusi nəhəng printer vasitəsilə betondan tikilən bu evlər inşaat sektorunda "inqilab” olacaq. Bənna işi tələb olunmayan 3D evlərinin tikintisi ucuz başa gələcək, enerji və ekoloji baxımdan da sərfəli olacaq.

Eyndhoven Texnologiya Universitetinin iştirakı ilə salınan və "Milad layihəsi” adlanan 3D evləri kompleksinin tikintisi nəhəng robot-qol şəklində olan beton printerlə aparılır. Tikinti zamanı memarın layihəsinə uyğun proqramla işləyən 3D printer divar hörmək üçün betonu qat-qat tökür və sonra onu hamarlayır.

İnşaat şirkətinin sahibi Rudi van Qurpun sözlərinə görə, evlərin tikintisində istifadə olunan karkasa artıq ehtiyac qalmır və normadan çox sement sərfinə də yol verilmir. İlk mərhələdə yeni evlərin divarları printerlə ucaldılır. Üçmərtəbəli və üçotaqlı evlərdən beşinin tikintisi bitdikdən sonra kanalizasiya boruları və digər lazımi infrastrukturun da 3D printeri vasitəsilə istehsalı nəzərdə tutulur. Yalnız evlərin təməli köhnə inşaat qaydası ilə qoyulacaq.

3D evlərinin daha bir xüsusiyyəti kabelsiz qəbuledicilər vasitəsilə işıq, istilik və təhlükəsizlik sistemlərinin tətbiqidir. Bu "ağıllı” evlər vahid idarəetmə pultu ilə asanlıqla idarə olunacaq.

Layihənin birinci mərhələsində tikiləcək beş ev 2019-cu ildə satışa çıxarılacaq. Lakin əmlak alıq-satqısı ilə məşğul olanlar bildiriblər ki, artıq bu evlərin fotoşəkillərini internet saytlarında görən 20 ailə müştəri kimi şirkətə müraciət edib. (Azərtac)

Xəbər lenti