Xəzər Xəbər

Avropa artıq ABŞ qarşısında susmayacaq

Dünya | 13:41 • 8 İyun 2018
Avropa artıq ABŞ qarşısında susmayacaq
Almaniyanın xarici işlər naziri Hayko Maas bundan sonra ABŞ-ın davranışlarına susqun qala bilməyəcəklərini bəyan edib.


Nazir bu barədə "Suddeutsche Zeitung" qəzetinə müsahibəsində deyib.


"Biz, mövcud razılaşmalara güvənə biləcəyimizə öyrəşmişik. Amma indi bu, köklü şəkildə dəyişib. Avropa hüdudlarından kənarda ABŞ bizim ən yaxın tərəfdaşımız olaraq qalır, amma münasibətlərimizdə elə fikir ayrılıqları var ki, Almaniya artıq bunlara susa bilməz”, - deyə Maas vurğulayıb.

Onun sözlərinə görə, ABŞ-ın iqlim dəyişikliyi üzrə Paris razılaşmasından və İranla nüvə sazişindən çıxması, yüksək ticarət tarifləri tətbiq etməsi Avropaya ziyan vuran birtərəfli qərarlardır.

Almaniyanın xarici işlər naziri, həmçinin bildirib ki, ABŞ prezidenti Donald Tramp bütün bunları bilərəkdən edir. O, Trampın Amerikanı başqa dövlətlərdən üstün tutan siyasətini tənqid edərək vurğulayıb ki, bunların heç biri dünyanı daha yaxşı, təhlükəsiz və sakit etməyəcək.

ABŞ-la korlanan münasibətlər fonunda Hayko Maas Avropa ölkələrini daha sıx əməkdaşlıq etməyə çağırıb və Avropa Təhlükəsizlik Şurası yaradılması ideyasını dəstəkləyib./Azvision.az

Xəbər lenti