Xəzər Xəbər

Yaxın Şərqi qarışdıracaq iddia gəldi

Dünya | 16:01 • 7 İyun 2018
Yaxın Şərqi qarışdıracaq iddia gəldi

Katz ABŞ prezidenti Donald Trampın İrana qarşı tətbiq etdiyi sanksiyaların təsirli olacağını iddia edib

İsrailin milli kəşfiyyat naziri Yisrael Katz İrana qarşı Ərəb və Qərb dövlətlərindən ibarət hərbi ittifaqın yaradılacağını iddia edib.

İsrailli nazir İrana qarşı hərbi təhdidlərini davam etdirib: "Əgər İran ABŞ-ın istəklərini yerinə yetirməsə, İsrail Qərb və Ərəb ölkələrindən ibarət hərbi ittifaq qurmaq üçün təşəbbüs göstərəcək".

Katz ABŞ prezidenti Donald Trampın İrana qarşı tətbiq etdiyi sanksiyaların təsirli olacağını iddia edib.

Xatırladaq ki, ötən həftə İsrailin müdafiə naziri Aviqdor Liberman gözlənilmədən Rusiyaya səfərə edib və rusiyalı həmkarları ilə görüş keçirib. Rusiyanın BMT-dəki daimi təmsilçisi Vasili Nebenziya İran qüvvələrinin Suriyadan çıxarılmasına dair Rusiya ilə İsrailin razılaşması məsələsinə münasibət bildirib. Vasili Nebenziya məsələ ilə bağlı razılığa gəlindiyini söyləyib: "Anladığım qədər razılığa gəlinib. Razılaşmanın tətbiq edilib-edilməyəcəyi ilə bağlı bir söz deyə bilmərəm, amma tərəflər razılaşmadan məmnundurlar. Hazırda tətbiq edilməsə belə, gələcəkdə ediləcək".

Qeyd edək ki, Suriya lideri Bəşər Əsəd Rusiyanın "RT" nəşrinə müsahibəsində İsrailin bəyanatlarına baxmayaraq, ölkəsində İran hərbçilərinin olmadığını vurğulayıb: "Bizim ərazimizdə İran hərbçiləri yoxdur və heç olmayıb da. Onları axı gizlətmək olmaz. Biz heç bunu gizlətməzdik də".

Bəşər Əsəd vurğulayıb ki, ölkədə İran ordusunun zabitləri var və onlar Suriya ordusuna kömək edir: "İsrailin Suriyada iranlılar barədə yalanını ən çox bu fakt açıqlayır. Bir neçə həftə əvvəl İsrail Hərbi Hava Qüvvələri bizim ərazimizə aviazərbələr endirdi. İddia olunurdu ki, hədəflər İranın hərbi baza və düşərgələridir. Lakin xəsarət alan və ölənlər arasında onlarla suriyalı oldu. Onların arasında bir nəfər də olsun iranlı yox idi. Yəni bütün bu iddialar yalandır"./Sputnik Azərbaycan

Xəbər lenti