Xəzər Xəbər

Sidneydə AXC-nin 100 illik yubileyi qeyd edilib

Dünya | 09:32 • 28 May 2018
Sidneydə AXC-nin 100 illik yubileyi qeyd edilib

Avstraliya İttifaqının Sidney şəhərində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş tədbir keçirilib.


Avstraliya Azərbaycanlıları Asosiasiyasının təşkilatçılığı ilə keçirilən tədbirdə Sidney şəhərində yaşayan həmvətənlərimizlə yanaşı, dost icmaların rəhbərləri də iştirak ediblər.


Assosiasiyanın sədri Mikayıl Oyta 1918-ci il mayın 28-də Azərbaycan xalqının tariximizin ilk respublikası olan Azərbaycan Xalq Cümhuriyyətini yaratdığını və bu respublikanın müsəlman dünyasında ilk dünyəvi və demokratik dövlət, eləcə də qadınlara səsvermə hüququ verən ilk müsəlman ölkəsi kimi tarixə düşdüyünü qeyd edib.


M.Oyta Azərbaycanda uzun əsrlərdən bəri dini və etnik mənsubiyyətindən asılı olmayaraq hər kəsin sülh, qardaşlıq və əmin-amanlıq şəraitində birgə yaşadığını, insanların öz etiqadlarını, adət-ənənələrini sərbəst şəkildə həyata keçirdiklərini bildirib. Azərbaycan və Avstraliya arasında münasibətlərə toxunan sədr hazırda bu əlaqələrin ortaq dəyərlərə əsaslanan tərəfdaşlıq səviyyəsinə yüksəldiyini vurğulayıb.


Azərbaycanın müstəqillik tarixi haqqında ətraflı məlumat verən sədr bu gün Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycanın regionun ən güclü iqtisadiyyata malik dövlətinə çevrildiyini, qlobal önəmə malik beynəlxalq layihələri həyata keçirdiyini diqqətə çatdırıb.


Tədbirdə digər çıxış edənlər AXC-nin 100 illiyinə həsr olunmuş bu əlamətdar yubiley mərasimində iştirakdan şərəf duyduqlarını bildirərək, Azərbaycan xalqını və Avstraliyadakı Azərbaycan icmasını bayram münasibətilə təbrik ediblər.


Tədbirdə Azərbaycan musiqisindən nümunələr səslənib, qonaqlara Azərbaycan mətbəxinin müxtəlif təamları təqdim olunub. (AZƏRTAC)

Xəbər lenti