Xəzər Xəbər

Malayziyanın sabiq Baş naziri polisdən ona mühafizə təqdim olunmasını xahiş edib

Dünya | 15:27 • 20 May 2018
Malayziyanın sabiq Baş naziri polisdən ona mühafizə təqdim olunmasını xahiş edib

Malayziyanın sabiq Baş naziri Nəcib Razak hüquq-mühafizə orqanlarına müraciət edərək ona mühafizə təqdim olunmasını xahiş edib.


AZƏRTAC "The Straits Times” nəşrinə istinadla xəbər verir ki, MDB Dövlət İnvestisiya Fondunda baş verən oğurluqla əlaqədar Nəcib Razak polisə ünvaladığı müarciətində ona yönəldilən təhdidlər barədə xəbər verib.


Sabiq Baş nazir bildirib ki, bu təhdidlər yalnız onun deyil, eyni zamanda, ailə üzvlərinin də ünvanına göndərilir. Nəcib Razak, həmçinin qeyd edib ki, 18 saat ərzində onun iqamətgahında axatrışlar aparan polis, yalnız ona deyil, eyni zamanda, ailə üzvlərinə, xüsusən də investisiya fondu ilə heç bir əlaqəsi olmayan oğluna məxsus olan əşyaları müsadirə edib.


Son parlament seçkilərində qalib gələn yeni Baş nazir Mahathir Məhəmməd 2009-cu ildə Nəcib Razak tərəfindən təsis edilmiş Dövlət İnvestisiya Fondunda oğurluq məsələsini təhqiq edəcəyini vəd edib. Fondda toplanan vəsaitin təyinatı üzrə istifadə edilməməsi barədə ilk məlumat 2015-ci ildə yayılıb. Həmin vaxt fonddan götürülmüş 4,5 milyard dollar vəsaitin 700 milyonu sabiq Baş nazirin hesabında aşkarlanıb. İstintaq zamanı Nəcib Razak bildirib ki, həmin vəsait onun rəhbərlik etdiyi partiyaya Səudiyyə Ərəbistanı kralının ailəsi tərəfindən ayrılıb. Müxalifətin təkidinə baxmayaraq, həmin vaxt istintaq bununla kifayətlənərək materilları məxfilik statusu ilə parlamentin müzakirəsinə verməkdən imtina edib.

Xəbər lenti