Rusiya Xarici İşlər
Nazirliyinin mətbuat katibi Mariya Zaxarova Krımdan Rusiyaya körpü
açılması ilə bağlı rəsmi Kiyevin ittihamlarını "tam ümidsizlikdən doğan
çarəsizlik davranışı” adlandırıb. Zaxarova bildirib ki, Rusiya ilə Ukrayna arasında münasibətləri normallaşdırmaq üçün imkan həmişə var.
"Bəli,
ərazilərini itiriblər, lakin bu seçimi insanlar edib. Amma heç kəs
körpüləri yandırmağa hazırlaşmırdı, əksinə, hamı onları tikməyə
çalışırdı. Ona görə də, aydın deyil ki, bu cür şərhlər vermək nəyə
lazımdır.”- deyə Zaxarova vurğulayıb.
O, həmçinin bildirib ki,
Ukraynanın dediklərinə əhəmiyyət vermək lazım deyil: "Çünki yenə də
deyəcəklər ki, Krım körpüsünün açılışı real deyil, quramadır. Hətta
kompüter qrafikasıdır”.
Qeyd edək ki, rəsmi Kiyev Ukraynanın icazəsi olmadan Krımdan Rusiyaya körpü açılmasını qanunsuz adlandırıb. Ukrayna Xarici İşlər Nazirliyi bununla Moskvanın BMT-nin dəniz hüququ üzrə 1982-ci il Konvensiyasını və beynəlxalq hüququn prinsiplərini pozduğunu deyib.
"Rusiyanın Ukraynaya qarşı silahlı təcavüzü və Krım yarımadasının müvəqqəti işğalı fonunda Moskvanın bu hərəkəti, Ukraynanın suveren ərazisinin bir hissəsinin ilhaqını faktiki olaraq leqitimləşdirmək cəhdidir”- deyə rəsmi Kiyev bəyan edib.
ABŞ və Böyük Britaniya da krım körpüsünün açılışını piləyərək, bunun naviqasiyaya problem yaradacğını bəyan edib.
Xatırladaq
ki, ötən gün Krım yarımadasını Rusiyanın Krasnodar vilayəti ilə
birləşdirən körpünün açılışı olub. Rusiya prezidenti Vladimir Putin
tədbirdə şəxsən iştirak edərək, körpünün davamlılığını yoxlamaq üçün
"KamAZ” markalı 10 yük maşınından birini özü sürüb.
Tikintisinə
2016-cı ildən başlanılan Kerç boğazından keçən 19 kilometr
uzunluğundakı Krım körpüsü hələ ki, yalnız yüngül avtomobillər və
sərnişin avtobusları üçün açıqdır. Ağır tonnajlı yük maşınlarının
körpüdən keçməsinə 2018-ci ilin oktyabrından, qatarların hərəkətin isə
2019-cu ilin sonundan icazə veriləcək. Körpüdən sutkada 40 min avtomobil
və 47 qatar keçmək imkanına malikdir. O cümlədən, Krım körpüsü
vasitəsilə ildə təqribən 14 milyon sərnişin və 13 milyon ton yük daşına
bilər. Hər iki hərəkət istiqamətində iki zolaqdan ibarət olan Krım
körpüsündə sürət həddi isə saatda maksimum 90 kilometr ola bilər və
hərəkət zamanı dayanmaq qadağandır.
Azvision.az