Xəzər Xəbər

Netanyahu: "Ərdoğan bizə əxlaq dərsi keçməsin!"

Dünya | 17:14 • 15 May 2018
Netanyahu:
"Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan "HƏMAS" radikal hərəkatının dəstəkçisidir. İsrailə mədəniyyətdən dərs keçməsin".


Bunu İsrailin baş naziri Benyamin Netanyahu deyib.

"Ərdoğan "HƏMAS"-ın ən böyük dəstəkçilərindən biridir. Şübhəsiz ki, terrorizm və qırğının nə olduğunu yaxşı bilir. Ərdoğana məsləhət görürəm ki, bizə əxlaqdan dərs keçməsin!” – deyə Netanyahu bəyan edib.

Qeyd edək ki, Türkiyədə Qəzza zonasında İsrail ordusu ilə toqquşmalarda ölən fələstinlilərin xatirəsinə 3 gün matəm elan edilib, ABŞ və İsraildəki səfirlər geri çağırılıb. Prezident Rəcəb Tayyip Ərdoğan isə İsraili terrorçu dövlət adlandıraraq, bu ölkə hərbçilərinin fələstinlilərə qarşı davranışının soyqırım olduğunu bildirib.

Xatırladaq ki, ABŞ-ın İsraildəki səfirliyini Qüdsə köçürməsilə bağlı 10 mindən çox fələstinlinin Qəzza zonasındakı etirazını dağıtmaq üçün İsrail ordusu silahlı güc tətbiq edib. Nəticədə 59 fələstinli ölüb, 2771 nəfəri yaralanıb. Baş verənlərlə əlaqədar, Ərdoğan mayın 18-nə İslam Əməkdaşlıq Təşkilatının təcili iclasını çağırıb.

Xəbər lenti