Xəzər Xəbər

Ukraynada yaşayan veteran soydaşımız Nuruş Zöhrabovun yubileyi qeyd edilib - FOTO

Dünya | 16:26 • 15 May 2018
Ukraynada yaşayan veteran soydaşımız Nuruş Zöhrabovun yubileyi qeyd edilib -

İkinci Dünya müharibəsi veteranı, 1918-ci ildə Azərbaycanın dilbər guşəsi olan Laçın rayonunda anadan olan, Ukraynada yaşayan soydaşımız Nuruş Zöhrabovun 100 illik yubileyi ilə bağlı dövlət tədbiri keçirilib.


Xezerxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, Ukraynanın Xmelniski vilayətinin Stariykonstantinov şəhərində keçirilən tədbirdə Azərbaycanın Ukraynadakı səfirliyinin nümayəndələri, Xmelniski vilayəti Dövlət Administrasiyasının rəhbəri Aleksandr Korniyçuk, müavini Oleq Omelyanyuk, Xmelniski rayon Dövlət Administrasiyasının rəhbəri Sergey Fesun, Stariykonstantinov şəhərinin meri Nikolay Melniçuk, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin Stariykonstantinov şəhər təşkilatının rəhbəri Əsəd Əsədov, Konqresin Xmelniski vilayəti təşkilatının sədri Ceyhun Osmanov, ictimai xadimlər və yerli media nümayəndələri iştirak ediblər.


Tədbirdə 100 yaşlı veteranımıza təbrik diplomu təqdim edilib və Nuruş Zöhrabovun keçdiyi qəhrəmanlıq yolu haqqında çıxışlar edilib. Qeyd edilib ki, 6 aylığında anasını itirən N.Zöhrabov bir çox çətinliklərlə üzləşib. 1937-ci ildə orta məktəbi bitirəndən sonra hərbi xidmətə yollanıb. 1939-cu ilin payızında Qərbi Belarus hadisələrində iştirak edib, sonra Finlandiya ilə müharibədə yaralanıb. Müalicəsini alandan bir müddət sonra N.Zöhrabov Rumıniya, Macarıstan, Çexoslovakiyada ağır cəbhə yolu keçib. O, Qələbə Gününü Avstriyada qarşılayıb. İkinci Dünya müharibəsində göstərdiyi qəhrəmanlığa görə 26 yüksək dövlət medalı ilə təltif olunub.


Qələbə Günündən sonra, 1945-ci ilin yazından 1948-ci ilə qədər Stariykonstantinov şəhərində hərbi xidmətini davam etdirib və burada ailə həyatı qurub. Həmin vaxtdan indiyədək şəhərdə müxtəlif işlərdə çalışıb.


Ukrayna Azərbaycanlıları Konqresinin Kiyev şəhər təşkilatının sədri Oleq Krapivin tərəfindən hədiyyə təqdim olunduqdan sonra çıxış edən N.Zöhrabov göstərilən diqqətə görə səfirliyə, diaspor fəallarına, dövlət administrasiyasının rəhbərliyinə təşəkkürünü bildirib.

Xəbər lenti