Xəzər Xəbər

Donald Trampın İranla sazişi pozması ... Super-GAU-dur

Dünya | 16:36 • 11 May 2018
Donald Trampın İranla sazişi pozması ...

Çernobıl AES-dəki qəzadan sonra Super-GAU məfhumu Almaniyanın siyasi leksikonunda dərin kök salıb. GAU abreviaturasını (Größter Anzunehmender Unfall) açsaq, onda görərik ki, bu ifadə alman dilindən tərcümədə belə oxunur: təsəvvür edilməsi mümkün olan bütün ən dəhşətli fəlakətlərin ən müdhişi.


Xezerxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, ABŞ Prezidentinin mayın 8-də İranın nüvə proqramı üzrə beynəlxalq sazişdən çıxmaq barədə qərarı Almaniyada məhz belə superfəlakət kimi qiymətləndirilib.


Almaniyalı siyasətçilər, bundestaqın deputatları, diplomatlar, ekspertlər və şərhçilər vəziyyətin bu şəkildə qiymətləndirilməsində yekdildirlər və belə yekdillik nadir hallarda nümayiş etdirilir. Parlamentdəki sosial-demokratlar fraksiyasının lideri Andrea Nales D.Trampın qərarını Transatlantik Ticarət və İnvestisiya Tərəfdaşlığına sui-qəsd adlandıraraq qeyd edib ki, ABŞ Prezidenti 3 dəqiqə 32 saniyə ərzində dünyanı daha təhlükəli edib.


Xristian Demokratlar İttifaqı fraksiyasının xarici siyasət məsələləri üzrə eksperti Roderix Kizevetter narahatlıq hissi ilə deyib: "Biz böhranlı inkişafın astanasındayıq. ABŞ yalnız İsraili və Səudiyyə Ərəbistanını dəstəkləyir. Gərək hərbi qarşıdurma həddinə çatmayaq”.


Onun müxalif "İttifaq-90”(yaşıllar) partiyası fraksiyasından həmkarı, ailəsi vaxtilə İrandan qaçmış Omid Nuripur D.Trampın qərarını Corc Buşun 2003-cü ildə İraqa müdaxilə etmək qərarından də yanlış adlandırıb. Nə üçün? Çünki onun fikrincə, İranla saziş bu regionda nüvə silahının yayılması yolunda çox böyük maneə idi.


D.Trampın qərarı nəticəsində Orta və Yaxın Şərqdə vəziyyətin təhlükəli dərəcədə kəskinləşəcəyini qabaqcadan görən Münxen Təhlükəsizlik Konfransının başçısı, Almaniya diplomatiyasının patriarxı Volfqanq İşinger də eyni qənaətdədir. O, bu qərarı D.Trampın ən ciddi nəticələri olan ən böyük səhvi adlandırıb.


AFR televiziyasının İkinci kanalının – ZDF-in şərhçisi Tehranın nüvə silahının işlənib hazırlanması proqramını bərpa edəcəyinə hazır olmağı təklif edir. Onun sözlərinə görə, saziş 2015-ci ildə imzalanan zaman ekspertlər hesab edirdilər ki, İranın nüvə silahı əldə etməsinə cəmi üç ay vaxt qalıb. Şərhçi deyib: "Tramp Körfəz sahillərində "Şimali Koreya”nın yaradılmasına yol açıb və bununla da öz müttəfiqlərinə - Makrona, Meyə və Merkelə şapalaq vurub”.


"Deutsche Welle" ("Alman dalğası”) agentliyinin redaksiyası hesab edir ki, bu şapalağın şappıltısı Berlin üçün lap güclü olub. Axı Almaniya İranla uzun illər sürən danışıqlarda iştirak etsə də, onun ABŞ, Çin, Rusiya, Fransa və Böyük Britaniya kimi BMT Təhlükəsizlik Şurasının daimi üzvü statusu yoxdur. Almaniyanın əsas təsir vasitəsi onun diplomatları, məsələn, Almaniya nümayəndə heyətinin rəhbəri Mixael Şefer olub.


Məhz Mixael Şefer D.Trampın İranla sazişdən çıxmaq qərarına münasibətini bildirərkən ilk dəfə Super-GAU məfhumunu işlədib. O bildirib ki, İranla saziş ideal olmasa, bu ölkəni sonrakı beynəlxalq danışıqlar prosesinə cəlb etməyə vaxt və imkan verirdi. Diplomat deyib: "Tramp bizi bu imkandan məhrum etdi. Bu, təsəvvür edilməsi mümkün olan bütün ən dəhşətli fəlakətlərin ən müdhişidir”.


Onun fikrincə, indi avropalılar təhlükəsizlik sahəsində öz maraqlarını təmin etməyin qayğısına özləri qalmalı, Rusiya və Çinin iştirakı ilə Tehranla dialoqa yenidən başlamalı, onu 2015-ci ilin sazişi ilə bağlı öz üzərinə götürdüyü öhdəliklərə bundan sonra da riayət etməyə inandırmağa çalışmalıdırlar.

Xəbər lenti