Xəzər Xəbər

İran XİN İsrailin Suriyada keçirdiyi hərbi əməliyyata münasibət bildirib

Dünya | 15:24 • 11 May 2018
İran XİN İsrailin Suriyada keçirdiyi hərbi əməliyyata münasibət bildirib

İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasimi İsrailin mayın 10-na keçən gecə Suriyadakı hərbi obyektlərə zərbə endirməsinə münasibət bildirib.

 

B. Qasimi deyib ki, İsrailin Suriya ərazisində ardıcıl həyata keçirdiyi hücumlar bu ölkənin ərazi bütövlüyünü pozmaq və işğala təşəbbüs deməkdir: "Bu hücumlar eyni zamanda sionist rejimin regionda sabitliyə və sülhə qarşı çıxdığının və rejimin əsas mahiyyətinin göstəricisidir. Bu rejim regionda sabitliyin olmasına dözüm göstərə bilmir, öz təhlükəsizliyini regiondakı qeyri-sabitlikdə görür. Beynəlxalq qurumlar və ölkələrin bu aşkar qanun pozuntusu qarşısında sükut etməsi sionist rejimin təcavüzkar hərəkətlərini davam etdirmək üçün motivasiya rolu oynayır və bir növ, yaşıl işıqdır”.

 

B. Qasimi Suriya tərəfinin Colan təpələrinə raketlə cavab atəşi açmasına da toxunaraq qeyd edib ki, təcavüzkar addımların qarşısında Suriya dövlətinin öz suverenliyini və ərazi bütövlüyünü müdafiə etməyə haqqı var: "Rəsmi Dəməşq ötən 7 ildə sionist rejim, ABŞ və onların bəzi regiondakı müttəfiqləri tərəfindən terrorçu qruplaşmaların amansız hücumları qarşısında müqavimət göstərdi. Həmin qrupları məğlub etdi, indi onları dəstəkləyənlər öz hədəflərinə çatmayıblar deyə özləri birbaşa Suriya ərazisinə hücum edirlər. Bu hücumlar terrorçuların məğlubiyyətini kompensasiya etmək üçün təşkil olunur”. (APA)

Xəbər lenti