Xəzər Xəbər

Dərbənddə azərbaycanlı qəhrəman Şəmsulla Əliyevin xatirə lövhəsi açılıb - FOTO

Dünya | 15:07 • 9 May 2018
Dərbənddə azərbaycanlı qəhrəman Şəmsulla Əliyevin xatirə lövhəsi açılıb -

Dərbənddə azərbaycanlı qəhrəman kapitan Şəmsulla Əliyevin xatirə lövhəsinin açılışı münasibətilə təntənəli mitinq təşkil olunub.


Xezerxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, Dərbənddə anadan olan Şəmsulla Əliyev 1942-ci ildə Qızıl Orduya çağırılıb. Elə həmin il o, Bakı hərbi piyada qoşunları məktəbinin tezləşdirilmiş kursunu bitirib. 1942-ci ilin sentyabrından Böyük Vətən müharibəsində Şimali Qafqaz hərbi əməliyyatlarında iştirak edən Ş.Əliyev igidlik və şücaətinə görə iki döyüş ordeni ilə təltif edilib. Kapitan Əliyev 1943-cü ilin payızında Kerç yarımadasında gedən döyüşlərdə xüsusilə fərqlənib. Müharibə meydanının genişləndirilməsi uğrunda gedən döyüşlərdə Şəmsulla dəfələrlə batalyonu hücuma qaldırıb. Düşmənin iki müdafiə xəttini keçən desantçılar Kirov və Voykov adına zavodların ərazisinə daxil olublar. Noyabrın 19-da kapitan Ş.Əliyev Kerç yaxınlığında gedən döyüşlərdə qəhrəmanlıqla həlak olub. SSRİ Ali Soveti Rəyasət Heyətinin 16 may 1944-cü il tarixli Fərmanı ilə kapitan Əliyev Şəmsulla Feyzulla oğlu komandanlığın tapşırıqlarını nümunəvi yerinə yetirdiyinə və alman-faşist işğalçılarına qarşı döyüşlərdə göstərdiyi mərdlik və igidliyə görə Sovet İttifaqı Qəhrəmanı adına (ölümündən sonra) layiq görülüb.


Tədbirdə "Dərbənd şəhəri” ərazi vahidinin başçısı Enrik Müslümov, Deputatlar Məclisinin sədri Mövsüm Rəhimov, Dərbənd şəhər azərbaycanlılarının milli-mədəni muxtariyyətinin sədri Telman Tahirli, "Dədə Qorqud” xeyriyyə fondunun sədri Rafiq Mövsümov, şəhər administrasiyasının işçiləri, Şəhər Məclisinin deputatları, İctimai Palatanın və şəhər müəssisələrinin nümayəndələri iştirak ediblər. Çıxış edənlər Şəmsulla Əliyevin həyatı və döyüşdə göstərdiyi şücaətlərdən danışıblar.

Xəbər lenti