Xəzər Xəbər

Ayətullah Xamenei: Cənab Tramp, qələt edərsiniz!

Dünya | 15:06 • 9 May 2018
Ayətullah Xamenei:

Dünən ABŞ prezidenti Donald Tramp ölkəsinin İranla imzalanmış nüvə sazişindən çıxdığını bəyan edib. Nüvə sazişini imzalamış digər ölkələr - Rusiya, Çin, Fransa, Almaniya və İngiltərə imzalarına sadiq qaldıqlarını bildiriblər.

İrandan ABŞ-ın sözügedən addımına prezident Həsən Ruhani, XİN rəhbəri Cavad Zərif tərəfindən açıqlamalar səsləndirilsə də, hər zaman olduğu kimi Ali Rəhbər Seyid Əli Xameneinin nə deyəcəyi maraqla gözlənilib. Çünki saziş imzalanan ilk gündən Ayətullah Xamenei ABŞ-ın vədinə sadiq qalmayacağını bildirirdi.

Bu gün Tehranda Mədəniyyətçilər Universitetinin professor və müəllim heyəti ilə görüşən Ayətullah Seyid Əli Xamenei bildiribki, dünən gecə Amerika prezidenti 10-dan artıq yalan söz danışdı: "Dövlətimizi təhdid etdi və İran xalqını belə edərəm, elə edərəm dedi. İran xalqı adından bildirirəm: Cənab Tramp, qələt edərsiniz!

Amerikanın İranla olan məsələsi nüvə məsələsi deyil, bu bir bəhanədir. Dedilər yox, elə deyil. İndi gördünüz ki, elədir. Biz razılaşmaya getdik, amma onların düşmənçiliyi bitmədi. Bizim regionda varlığımızı, raket proqramımızı müzakirəyə çıxartmaq istədilər. Əgər onları belə qəbul etsək, bu iş bitməyəcək, yeni məsələ ortaya atacaqlar. Amerikanın İran dövlətilə müxalifliyinin səbəbi Amerikanın İrandakı hakimiyyətinin qarşısının İran İslam İnqilabı tərəfindən alınmasıdır."

Ali Lideri daha sonra qeyd edib ki, baş vermiş hadisə, yəni Amerika prezidentinin rəftarı gözlədiklərinin əksi deyil: "Bu cür rəftar ondan qabaq da Amerika rəhbərləri tərəfindən edilib. Bədrəftarlar ölüb gedib, sümükləri də çürüyüb. Amma İran xalqı öz yerində möhkəm dayanıb və hələ də mövcuddur. Bu cənab da ölüb gedəcək, cəsədi ilan və qarışqaların yemi olacaq. Amma İran İslam Respublikası mövcud olacaq."

Daha sonra Həsən Ruhani hökumətinə səslənən Ayətullah qeyd edib ki, Amerikaya etimad olunmaması barədə onlara dəfələrlə xəbərdarlıq edib: "Dedim ki, saziş imzalamamışdan əvvəl təzminat alın, sonra imzalayın. Bir şərtim bu idi ki, bu sazişdə Amerika prezidentinin öz imzası mütləq olsun. Müzakirə aparanlar zəhmət çəkib, tər tökdülər, amma edə bilmədilər. İki il yarımdır ki, biz Amerikanın imzaladığı razılaşmaya əməl edəcəyini gözləyirik. Bu kişicik çıxıb deyir, "mən bu sazişi qəbul etmirəm". İndi dövlət rəsmiləri böyük imtahan qarşısındadılar. Ya xalqın izzətini saxlayaxcaqlar, ya da... Mən heç o 3 Avropa ölkəsinə də etimad etmirəm. Heç siz də etibar etməyin. Əgər davam etmək istəyirsinizsə, əməli şəkildə təzminat alın. Əgər ala bilməyəcəksizsə, davam etmək olmaz, Amerikanın yolunu gedəcəklər."

Xəbər lenti