Xəzər Xəbər

Gürcüstan əhalisinin 10 faizi İkinci Dünya müharibəsində həlak olub

Dünya | 14:45 • 9 May 2018
Gürcüstan əhalisinin 10 faizi İkinci Dünya müharibəsində həlak olub

İkinci Dünya müharibəsində faşizm üzərində Qələbənin əldə olunmasında Gürcüstan vətəndaşlarının da rolu böyükdür. Bu müharibədə 700 min Gürcüstan vətəndaşı iştirak edib. Onların da 300 mini həlak olub. Döyüşənlər və həlak olanlar sırasında Gürcüstan vətəndaşı olan azərbaycanlılar da olub.


Xezerxeber.az-ın məlumatına görə, Gürcüstanın Veteranların İşi üzrə Dövlət Xidmətinin departament rəisinin müavini Valeri Caparidze AZƏRTAC-a bildirib ki, Gürcüstan ərazisi faşist Almaniyası tərəfindən işğala və bombardmana məruz qalmayıb. Buna baxmayaraq 1941-1945-ci illərdə keçmiş sovet ordusu sıralarında 700 min Gürcüstan vətəndaşı döyüşüb. Onların da 300 mini həlak olub. Bu da ümumi əhalinin təqribən 10 faizini təşkil edib. Döyüşənlər və qəhrəmanlıq göstərərkən həlak olan Gürcüstan vətəndaşları sırasında minlərlə azərbaycanlı da olub. Təəssüf ki, bu gün o azərbaycanlılardan 20-25 nəfəri sağdır. 2016-cı ildə onların sayı 60, 2017-ci ildə isə 33 nəfər olub.


Dövlət xidmətinin şöbə müdiri Temur Mamardaşvili bildirib ki, bu gün Gürcüstanda 676 Böyük Vətən müharibəsi veteranı var. Onların 224-ü paytaxt Tbilisidə, 452-si isə regionlarda yaşayır.


Azərbaycanlı veteranların 5 nəfəri paytaxt Tbilisidə, 20 nəfəri Kvemo Kartli bölgəsində yaşayır. Kvemo Kartlidə yaşayan veteranların 5-i əlildir. 2016-cı ildə Gürcüstanda İkinci Dünya müharibəsi veteranlarının sayı 1296 nəfər olub. Təəssüf ki, 2017-ci ildə onların sayı 948 nəfərə, 2018-ci ildə isə 676 nəfərə qədər azalıb.


Xidmətin təhlükəsizlik departamentinin rəisi İlyas Rzayevin sözlərinə görə, Gürcüstan hökuməti bu il də Böyük Vətən müharibəsi veteranlarına birdəfəlik yardım ayırıb. Döyüşlərdə iştirak edərək fədakarlıq göstərən on minlərlə Gürcüstan vətəndaşı müxtəlif mükafatlara layiq görülüb. 167 nəfər Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. Onların sırasında Reyxstaq üzərində Mixail Yeqorovla birlikdə qələbə bayrağını qaldıran kiçik serjant Meliton Kantariya da var.


Böyük Vətən müharibəsində Qələbənin 73-cü ildönümü ilə əlaqədar hər bir veteran dövlətdən 600 lari (təqribən 240 dollar) birdəfəlik yardım alıb. Onların dul arvadları və uşaqları 300 lari (120 dollar) məbləğində birdəfəlik yardım alıblar. Bundan başqa, Gürcüstan Prezidentinin Sərəncamı ilə hər bir veterana və onların müalicə profilaktikası üçün 140 lari (55 dollar) vauçer alıblar. Eyni zamanda, onlar hər ay 44 lari məbləğində subsidiya alırlar. Xidmətin hazırladığı xüsusi proqrama uyğun olaraq hər bir veteran tibbi xidmət və ya müalicə üçün 1500 lariyə qədər yardım ala bilər. Müalicə üçün dava-dərman almaq üçün veteranlara 500 lari məbləğində ayrıca yardım göstərilir. Veteranlar ictimai nəqliyyatdan (avtobus və metropolitendən) pulsuz istifadə edirlər. Mikroavtobuslardan istifadə zamanı veteranlara 50 faiz güzəşt nəzərdə tutulub.


Məlumat üçün qeyd edək ki, bu gün Gürcüstanda da 9 May - Qələbə bayramı geniş qeyd olunur. Səhər saatlarında Gürcüstan Prezidenti, Baş nazir, parlamentin sədri və digər rəsmi şəxslər, siyasi partiya rəhbərləri Tbilisinin mərkəzindəki Vake parkda "Naməlum əsgər”in məzarı üstünə çələng və gül dəstələri qoyublar.

Xəbər lenti