Xəzər Xəbər

Amerika alimləri robot vasitəsilə səhiyyədə ilkə imza atdı

Dünya | 16:47 • 7 May 2018
Amerika alimləri robot vasitəsilə səhiyyədə ilkə imza atdı

Dünyada onurğadan şişin götürülməsi əməliyyatını ilk dəfə Amerika alimləri həyata keçiriblər. Həmin əməliyyatın uğurla aparılması zamanı Pensilvaniya universitetinin alimlərinə robot kömək edib. Əvvəl həmin texnika yalnız yumşaq toxumalarda aparılan əməliyyatlar zamanı tətbiq edilirdi.


AZƏRTAC bu barədə Penn Medicine News internet portalına istinadla məlumat verir.


Təcrübə nadir xordoma şişi aşkar edilmiş 27 yaşlı gənc üzərində aparılıb. O, avtoqəzaya düşəndən sonra yaranan onkoloji şiş yavaş-yavaş genişləndiyindən əməliyyat mümkün qədər tez aparılmalı idi. Əməliyyat zamanı xordomanın götürülməsi proseduru son dərəcə yüksək dəqiqlik tələb edir, çünki sümüklərin və ya yumşaq toxumaların zədələnməsi ehtimalı o qədər böyükdür ki, iflicə də səbəb ola bilər. Bu halda şişin tam götürülməməsi onun böyüməsini sürətləndirə bilər.


Nəticədə mütəxəssislər robotun köməyi ilə üç mərhələdən ibarət olan mürəkkəb əməliyyatın aparılmasına razılıq veriblər. Əməliyyatın ilkin mərhələsində dağılmış fəqərənin qəlpələri, ikinci mərhələdə robotun köməyi ilə şiş götürülüb, sonrakı mərhələdə isə fəqərələr bərpa edilib. Bunun üçün budun bir hissəsindən istifadə edilib.


İyirmi saat davam edən əməliyyat nəticəsində pasiyent normal həyata qayıdıb.

Xəbər lenti