Xəzər Xəbər

İran XİN: Amerika sazişdən çıxsa, onu peşman edəcəyik

Dünya | 15:14 • 7 May 2018
İran XİN: Amerika sazişdən çıxsa, onu peşman edəcəyik

"Amerika İranın nüvə proqramına dair imzalanmış sazişdən çıxarsa, çox ağır bədəl ödəyəcək”.

 

Bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasimi keçirdiyi həftəlik mətbuat konfransında deyib.


B. Qasimi ABŞ prezidenti Donald Trampın bu sazişi pozacağı ilə bağlı hədələrinə toxunaraq bildirib ki, bu, o qədər də asan deyil: "Tramp Ağ Evə gəldiyi gündən sazişi pozacağı ilə hədələyir. Bu, sadə məsələ deyil. İranın ABŞ-ın atacağı bu addımın qarşısında atacağı addımlar çox ağır olacaq və onları bu hərəkətinə peşman edəcəyik. ABŞ-ın ödəyəcəyi ağır bədəl bu olacaq ki, daha dünya onlara inanmayacaq. ABŞ sazişi pozmaqla dünya ictimaiyyətinin düşüncəsində özünü öhdəliklərini yerinə yetirməyən bir ölkə kimi sübut etmiş olacaq”.

 

İran Xarici İşlər Nazirliyinin sözçüsü qeyd edib ki, bu gün dünyanın ən acı problemlərindən biri Yəmən məsələsidir, orada böyük cinayətlər törədilir və məzlum xalq Səudiyyə Ərəbistanının rəhbərliyi altında olan koalisiyanın bombaları altında məhv olur. O, İsrailin baş naziri Binyamin Netanyahunun İranın nüvə fəaliyyətləri ilə bağlı iddialarına dair sualı belə cavablandırıb: "Mən adətim üzrə Qüdsü işğal edən rejimin əsassız iddialarına mövqe bildirmirəm. O, üçüncü dərəcəli şoumen və sehrbazdır. Sehrbazlıq məharəti ilə bağlı daha çox çalışmalıdır. Netanyahu öz hökumətindəki korrupsiya əməllərini və ona qarşı açılan cinayət işlərini ört-basdır etmək üçün o iddiaları ortaya atır. Beynəlxalq Atom Enerjisi Agentliyi ekspertlərinin rəyinə əsasən İranın nüvə proqramı şəffafdır və İran öz öhdəliklərini yerinə yetirir”. (APA)

Xəbər lenti