Xəzər Xəbər

Merkel və Makron İran məsələsində Trampı dayandıra biləcəklərmi?

Dünya | 14:44 • 24 Aprel 2018
Merkel və Makron İran məsələsində Trampı dayandıra biləcəklərmi?

İran ilə altı ölkə - ABŞ, Rusiya, Çin, Böyük Britaniya, Fransa və Almaniya arasında 2015-ci ildə - hələ Barak Obamanın prezidentliyi dövründə əldə edilmiş, rəsmi adı "Geniş əhatəli birgə fəaliyyət planı” olan sazişi Tramp dəfələrlə "bütün zəmanələrin ən pis sövdələşməsi” adlandırıb. Bununla belə, İran ilə həmin razılaşmanı Avropada böyük uğur kimi qiymətləndirirlər. Axı bu saziş nüvə silahının yayılmasının qarşısını diplomatik səylər sayəsində almağa imkan verdi. Donald Tramp Ağ evin sahibi olandan sonra avropalılar çalışırlar ki, İran barədə sazişin ABŞ tərəfindən pozulmasına yol verilməsin.


Tramp administrasiyası İran üçün daha sərt şərait yaradılmasında israrlıdır, avropalılar isə bu məsələni ciddiləşdirməyə tələsmirlər. Axı bu, əslində yeni saziş bağlanmasının zəruri olmasını etiraf etməyə bərabərdir. Ekspertlər hazırda danışıqlar prosesini xeyli mürəkkəbləşdirən bir sıra amillər mövcud olduğunu göstərirlər.


AZƏRTAC xəbər verir ki, antiiran sanksiyaları məsələsində Obama hökumətinin məsləhətçisi olmuş aparıcı ekspert Riçard Nefyu KİV-ə müsahibə verib. O deyib: "Aİ qrupuna aid ölkələr arasında ABŞ ilə danışıqlar bir məsələni qəlizləşdirir: Almaniya, Fransa və Böyük Britaniya Aİ üzvü olan bütün ölkələrin fikrini ifadə edə bilərmi? Axı həmin ölkələrin bəziləri Tehrana münasibətdə daha yumşaq mövqe tuturlar”. Ekspert vurğulayıb ki, Almaniya başqa ölkələri, məsələn İtaliyanı və ya Aİ-dən çıxmağa hazırlaşan Böyük Britaniyanı vahid xəttin tərəfdarı olmağa məcbur edə bilməz.


İranın nüvə proqramına dair sazişin taleyini həll edə biləcək daha bir amil Trampın və onun tərəfdarlarının Tehranla saziş barəsində sərt mövqe tutmasıdır. Bu sərt xəttin tərəfdarlarından biri - Trampın milli təhlükəsizlik məsələlərinə dair müşaviri Con Bolton hələ 2007-ci ildə ABŞ prezidenti administrasiyasını İrana qarşı hərbi əməliyyatı mümkün qədər tezliklə aparmağa çağırırdı. Amerikada yeni təhlükəsizlik mərkəzinin eksperti Elizabet Rozenberq ehtiyatlı şəkildə deyir: "Bütün bu halları nəzərə almaqla problemin hansısa möcüzəli diplomatik həllini tapmaq çox çətin olacaq”.


Bəs bu vəziyyətdə Merkel və Makron nə etməlidirlər ki, İrana dair saziş pozulmasın? Amerika administrasiyasında göstərirlər ki, yüksəkvəzifəli Avropa siyasətçilərinin Ağ evin rəhbərinə təsir etmək imkanları çox məhduddur. Merkel və Makron Trampı İrana dair sazişin şərtlərinə bundan sonra da riayət edilməsinin ABŞ-ın maraqlarına uyğun olmasına inandıra bilmələri üçün onların əlində kifayət qədər tutarlı dəlillər olmalıdır.

Xəbər lenti