Xəzər Xəbər

Qars vilayətinə qatarın gedib çıxması qazları bahalaşdırdı

Dünya | 12:43 • 24 Aprel 2018
Qars vilayətinə qatarın gedib çıxması qazları bahalaşdırdı

Türkiyənin paytaxtı Ankaradan Qarsa qədər marşrutunu uzadan "Şərq ekspresi” dəmiryol xəttinin sürətli sərnişindaşıma xidməti bu sərhəd vilayətinin əhalisi üçün ikiqat xeyirli olub. Birincisi, bu nəqliyyat vasitəsilə digər regionlarla əlaqə yarada biliblər, ikincisi isə Qarsda qaz əti satışlarında əsl "partlayış” olub. Təxminən 24 saatlıq səyahətdən sonra şəhərə gələn turistlər məşhur Qars qazlarının ətindən yeməmiş buradan getmək istəmirlər.

Belə ki, "Şərq Expresi” marşrutunu istifadə edən vətəndaşların bu şəhərə gəlməsi qaz ətinin satışını birə beş artırıb. Qaz ətinə artan tələbat səbəbindən başda Qarsın Arpaçay və Akyaka (Baş Şörəyel) rayonları olmaqla, vilayət daxilində vətəndaşlar kütləvi şəkildə qaz yetişdirməyə yönəlib. Hətta diri qazın qiymətlərinin 150–200 lirə arasında olduğu, restoran və turizm obyektlərində qaz ətinin bir porsiyasının 70 – 90 lirə arasında dəyişdiyi xəbər verilir.

Mühüm gəlir mənbəyinə çevrildiyi üçün qaz yetişdirməklə məşğul olan ailələr artıq "anaş” qazları və "bilik” adı verilən balalarını göz bəbəyi kimi qorumağa başlayıblar. Kobud yerişləri, çox yemələri ilə seçilən bu ev quşlarını yetişdirməyin olduqca çətin olduğunu bildirən fermerlər sürətli "Şərq ekspresi” sərnişin qatarının bura qədər gəlib çatması sayəsində işlərinin çox genişləndiyini söyləyiblər.

Bu sahədəki canlanmaya görə qaz yetişdirməyə başlayan Can və Faruk Qaraqoyun qardaşları yaşadıqları Qaracaörən kəndində 400 qaz balasını hər gün əraziyə çıxararaq günboyu otarır, axşamları da fermada baxırlar. Bazarda qaz ətinə tələbat artıqdan sonra bu işə başladıqlarını ifadə edən Can Qaraqoyun deyib: "Bu il "Şərq ekspresi” sərnişinləri Qarsa axın etdikləri üçün bazarda qaz qalmadı. Biz də qardaşımla birlikdə qaz işinə girməyə qərar verdik və 400 qazla bu işə başladıq. Bu sayını gələn il 2 minə çıxarmağı planlaşdırırıq. İndidən qaz yetişdiririk ki, qazlarımız büyüsün və növbəti qışa hazır olsunlar. Qarsa gələn il gələcək qonaqlarımıza qaz ətini təqdim edə bilək”.

Qeyd edək ki, bu yay Bakı-Tbilisi-Qars dəmiryol xətti ilə sərnişin daşınmasına da start veriləcəyi planlaşdırılır. Bu sərnişin qatarları da istifadəyə verilsə və Azərbaycandan da turistlər bu vilayətə səyahət etsələr, Qarsdakı soydaşlarımız qaz əti çatdıra bilməyəcəklər. (Bizimyolinfo.com)

Xəbər lenti