Xəzər Xəbər

Tramp kəşfiyyat şefini gizli səfərə göndərdi – DETALLAR

Dünya | 13:06 • 18 Aprel 2018
Tramp kəşfiyyat şefini gizli səfərə göndərdi

ABŞ-ın dövlət katibi postuna namizəd və Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) sabiq direktoru Maykl Pompeo aprelin əvvəlində Şimali Koreya lideri Kim Çen Inla görüşmək üçün Koreya Xalq Demokratik Respublikasına (KXDR) gizli səfər edib.

Bu haqda iki məlumatlı mənbəyə istinadən "Vaşinqton Post” qəzeti bildirib.

Nəşr yazır ki, səfər Pasxa ilə bağlı istirahət günlərində reallaşıb. Səfər ABŞ-ın prezidenti Donald Trampla Kim Çen Inın birbaşa danışıqlarına hazırlığın bir hissəsi olub. Qəzet qeyd edir ki, bu, 2000-ci ildən sonra iki ölkə arasında ən yüksək səviyyəli səfər hesab olunur. Həmin il ABŞ-ın dövlət katibi Madlen Olbrayt və Şimali Koreya lideri Kim Çen İr arasında birbaşa danışıqlar keçirilmişdi.

Qəzet bildirir ki, MKİ və Ağ Ev, həmçinin KXDR hökuməti Maykl Pompeonun Kim Çen Inla görüşü haqqında informasiyanı şərh etməkdən imtina ediblər.

Qeyd edək ki, hazırda ABŞ və KXDR liderlərinin görüşü hazırlanır. Daha əvvəl yayılan xəbərə görə, görüşün mayın sonunda keçirilməsi planlaşdırılır. ABŞ prezidenti sonradan bildirib ki, Şimali Koreyanın lideri ilə görüş üçün beş mümkün ölkə nəzərdən keçirilir. O deyib ki, "əgər işlər yaxşı gedərsə”, görüş iyunun əvvəlində ola bilər. Prezident həmçinin qeyd edib ki, dövlət liderlərinin görüşünə hazırlıq üzrədanışıqları "ən yüksək səviyyədə” gedir./publika.az

Xəbər lenti