Xəzər Xəbər

Niderlandlı diplomat Türkiyə XİN-ə çağırılıb

Dünya | 14:40 • 23 Fevral 2018
Niderlandlı diplomat Türkiyə XİN-ə çağırılıb

Niderland parlamentinin nümayəndələr palatasının Osmanlı imperiyasında 1915-ci il hadisələrinin soyqırımı kimi tanınması barədə qərarından sonra bu ölkənin Ankaradakı müvəqqəti işlər vəkili Türkiyənin Xarici İşlər Nazirliyinə çağırılıb.

Xezerxeber.az Anadolu informasiya agentliyinə istinadən xəbər verir ki, diplomata bu qərarla bağlı Türkiyənin narazılığı təqdim olunub.

"Biz niderlandlı siyasətçilərə tarixi siyasətə qatmamağı və Türkiyəyə qarşı qərəzli münasibətə yenidən baxmağı tövsiyə edirik”, - deyə Türkiyə XİN-in nümayəndəsi Hami Aksoy yazılı bəyanatında vurğulayıb.

Qeyd edək ki, fevralın 22-də Niderland parlamentinin aşağı palatasında keçirilən səsvermədə deputatların 142-si qərarın lehinə, 3-ü isə əleyhinə səs verib.

Türkiyə Xarici İşlər Nazirliyinin bu qərarla bağlı bəyanatında 1915-ci il hadisələrinin tarixi faktlara və hüquqi normalara söykəndiyi vurğulanır. "Avropa qanunvericiliyində və Avropa İnsan Hüquqları Məhkəməsində yer alan qərarlar ədaləti ortaya qoyur”, - deyə bəyanatda bildirilir.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev KİV-lərə açıqlamasında Niderland Krallığı parlamentinin nümayəndələr palatasının qondarma "erməni soyqırımı” ilə əlaqədar qərarını qərəzli və qeyri-obyektiv adlandırıb. Qeyd edib ki, saxtalaşdırılmış tarixi faktların qərəzli siyasi məqsədlər üçün istifadə edilməsi düzgün deyil.

Xəbər lenti