Xəzər Xəbər

Avstriya polisinin tərkibində süvari birləşmələr yaradılacaq

Dünya | 17:30 • 18 Fevral 2018
Avstriya polisinin tərkibində süvari birləşmələr yaradılacaq

Gələn ilin ortalarınadək Avstriya polisinin tərkibində süvari birləşmələr yaradılacaq. Bu barədə məlumatı Avstriyanın yeni hökumətində daxili işlər naziri vəzifəsini tutan Herbert Kikl təsdiqləyib.


Xezerxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, bir sıra Avropa ölkələrinin nümunəsi əsasında Daxili İşlər Nazirliyi süvari polislərdən kütləvi tədbirlərdə, şəhər parklarında və avtomobil hərəkətinin qadağan olunduğu mərkəzi küçələrdə istifadə etmək niyyətindədir. 120 ildən artıq uğurla fəaliyyət göstərən Münxen süvari polisinin fəaliyyəti ilə yaxından tanış olan H.Kikl ilk mərhələdə 12 süvaridən ibarət dəstədə atların sayının qısa zamanda iki dəfə artırılacağını bildirib. Süvari dəstə ilk olaraq Vyana şəhərində yaradılacaq və sınaq müddəti uğurla başa çatdıqdan sonra ölkənin digər böyük şəhərlərində də bu cür birləşmələrin yaradılması gözlənilir. Nazir süvari polislərin kütləvi tədbirlərdə, xüsusilə nümayişlərdə və futbol stadionları ətrafında asayişin qorunmasında ənənəvi polisə yaxından dəstək göstərəcəyi qənaətindədir.


Heyvanların müdafiə cəmiyyətləri, Vyana şəhəri İçəri Şəhər rayonunun icra hakimiyyəti və polis həmkarlar təşkilatı daxili işlər nazirinin planlarını ciddi tənqid ediblər. Heyvanların müdafiə təşkilatları kütləvi tədbirlərin atlar üçün stress yaratmasını və ekstremal vəziyyətlərdə nəzarətdən çıxan atların insanlara verə biləcəyi zərəri əsas gətirərək, müasir texnoloji imkanların inkişaf etdiyi dövrdə ictimai asayişin qorunmasında atlardan istifadəni geriyə doğru addım və heyvanlara işgəncə kimi qiymətləndiriblər. Şəhərin mərkəzi rayonunun icra qurumundan isə bildiriblər ki, hər il Vyanada karetaların hərəkət marşrutu üzrə yolların bərpasına 750 min avro vəsait xərclənir. Şəhər daxilində turistik marşrutlardan kənar yollarda atların hərəkəti yolların bərpasına daha çox vəsaitin cəlb olunmasını tələb edəcək. Polis həmkarlar təşkilatından isə büdcə vəsaitinin kimlərinsə şəxsi xobbisinə xərclənməsinin yolverilməz olduğunu əsas gətirərək, büdcə vəsaitlərinin polisin texniki təchizatı, əməkdaşların sayının artırılması və oların sosial təminatı kimi mühüm istiqamətlərə yönəldilməli olduğunu bildiriblər.

Xəbər lenti