Xəzər Xəbər

Almaniyada ictimai nəqliyyat pulsuz ola bilərmi?

Dünya | 13:06 • 15 Fevral 2018
Almaniyada ictimai nəqliyyat pulsuz ola bilərmi?

Havanın işlənmiş qazlarla çirklənməsi səviyyəsini azaltmaq üçün Almaniya şəhərlərinin ictimai nəqliyyatında pulsuz gediş tətbiq etmək barədə ölkə hökumətinin planları şəhər və federal əyalətlərin hakimiyyət orqanları, həmkarlar ittifaqları tərəfindən tənqidlə qarşılanıb. Almaniya Şəhərləri və İcmaları Birliyi ilk növbədə problemin maliyyə tərəfini göstərib. Birliyin sədri Gerd Landsberq bu günlərdə bəyan edib: "Hər halda icmalar və nəqliyyat müəssisələri bu xərcləri ödəyə bilməyəcəklər”.

Almaniyada ictimai nəqliyyat müəssisələrinin illik gəliri 13 milyard avro təşkil edir və bu vəsait ictimai nəqliyyatın işini yaxşılaşdırmağı davam etdirmək üçün lazımdır. G.Landsberqin sözlərinə görə, ictimai nəqliyyatda pulsuz gediş uzaq gələcəyin layihəsi ola bilər və onu həyata keçirmək üçün daha çox heyət və nəqliyyat vasitəsi lazımdır.

Şəhər ictimai nəqliyyatında pulsuz gediş ideyası Almaniyanın ekologiya naziri Barbara Hendriksin, nəqliyyat naziri Kristian Şmidtin və federal kanslerin idarəsinin başçısı Peter Altmayerin Avropa Komissiyasına ünvanlanmış məktubunda şərh edilib. Məktubda avtobus, tramvay və şəhərətrafı qatarlarda pulsuz gediş tətbiq etmək barədə qərar qəbul edəcək şəhərlərə federal büdcədən maliyyə dəstəyi göstərmək imkanlarından danışılır.

Mühərrikləri köhnə və ekoloji standartlara uyğun gəlməyən şəxsi avtomobillərin hərəkətinin məhdudlaşdırılması ilə eyni zamanda pulsuz ictimai nəqliyyat modelini Almaniyanın ölçüsünə görə beş orta şəhərində - Bonn, Herrenberq, Essen, Roytlinq və Manheymdə sınaqdan keçirmək təklif edilir.

Xəbər lenti