Xəzər Xəbər

Tacikistan Azərbaycanın “ASAN xidmət” brendinə maraq göstərir

Dünya | 09:45 • 15 Fevral 2018
Tacikistan Azərbaycanın “ASAN xidmət” brendinə maraq göstərir

Azərbaycanın Tacikistandakı səfiri Həsən Məmmədzadə bu ölkənin İnvestisiya və Dövlət Əmlakının İdarə Olunması Məsələləri üzrə Dövlət Komitəsinin sədri Farrux Xamralizoda ilə görüşüb.


Xezerxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, danışıqlarda iki ölkə arasında siyasi sahədə səmimi dostluq münasibətlərinin ticari-iqtisadi əlaqələrin dərinləşməsinə kömək edəcəyi vurğulanıb. Sərmayə qoyuluşu sahəsində əməkdaşlığı daha da genişləndirmək məqsədilə Tacikistanın investisiyaya ehtiyac duyan konkret sahələrinə dair layihələrin baxılmaq üçün Azərbaycan tərəfinə təqdim edilməsi məsələləri müzakirə olunub.


Səfir ölkəmizin iqtisadi inkişaf göstəriciləri haqqında məlumat verib və regionun lider dövlətinə çevrildiyini diqqətə çatdırıb.


F.Xamralizoda komitənin fəaliyyəti, əməkdaşlıq məsələləri, Tacikistanda həyata keçirilən yerli və regional layihələr barədə qısa məlumat verib. O, Azərbaycanın dinamik inkişafının, uğurlarının diqqətdə saxlanıldığını qeyd edib. Tacikistanda xarici investisiya üçün əlverişli şərait yaradıldığını, qanunvericilik bazasının - İnvestisiya haqqında və Beynəlxalq müqavilələr haqqında qanunların, vergi və gömrük məcəllələrinin formalaşdırıldığını bildirib.


H.Məmmədzadə "ASAN xidmət” haqqında ətraflı məlumat verib, bu xidmətin son illərdə Azərbaycanın brendi kimi dünyada tanındığını bildirib. Səfir 2018-ci ilin Tacikistanda "Turizm və əl işləri sənəti ili” elan olunmasını nəzərə alaraq "ABAD” layihəsi barədə məlumat verib və bu sahədə Azərbaycan tərəfinin Tacikistana yardım göstərməyə hazır olduğunu diqqətə çatdırıb.


Vurğulanıb ki, Tacikistan tərəfi "ASAN xidmət” təcrübəsinə maraq göstərir və gələcəkdə analoji qurumun yaradılması ilə məhz İnvestisiya və Dövlət Əmlakının İdarə Olunması Məsələləri üzrə Dövlət Komitəsinin məşğul olması nəzərdə tutulur.

Xəbər lenti