Xəzər Xəbər

Türkiyə Prezidenti və Roma papası Qüds məsələsini müzakirə ediblər

Dünya | 17:47 • 5 Fevral 2018
Türkiyə Prezidenti və Roma papası Qüds məsələsini müzakirə ediblər

Vatikanda səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Roma papası Fransisklə görüşüb. Danışıqlarda əsasən Qüds məsələsi müzakirə olunub.

AZƏRTAC Anadolu informasiya agentliyinə istinadla xəbər verir ki, təkbətək görüş bir saat davam edib. Ərdoğan və Roma papası ABŞ administrasiyasının Qüds qərarının fəsadları və həyata keçirilməməsi istiqamətində səylərin davam etdirilməsinin önəmini vurğulayıblar. Həmçinin Qüdsün BMT qərarları və beynəlxalq hüquq tərəfindən müəyyən edilmiş statusunun qorunmasının vacibliyi qeyd olunub. Görüşdə ksenofobiya və İslamofobiya ilə birgə mübarizə də müzakirə edilib, dinləri terrorla əlaqələndirməyin yanlış olduğu bildirilib.

Türkiyə Prezidenti son 59 ildə ilk dəfədir ki, Vatikana səfər edir. Buna görə də KİV-lər bunu tarixi səfər adlandırırlar. Roma-katolik kilsəsinin hazırkı rəhbəri isə 2014-cü ildə rəsmi Ankaranın dəvəti ilə Türkiyəyə apostol səfəri etmişdi.

Rəcəb Tayyib Ərdoğan Vatikandan sonra Romaya gedəcək. Burada onun İtaliya Prezidenti Sergio Mattarella və Baş nazir Paolo Centiloni ilə görüşləri nəzərdə tutulur.

Xəbər lenti