Xəzər Xəbər

Yaponiya Koreyaya etiraz etdi

Dünya | 13:10 • 5 Fevral 2018
Yaponiya Koreyaya etiraz etdi

Yaponiya hökuməti mübahisəli Takeşima adalarının iki Koreyanın vahid bayrağında əks olunması ilə əlaqədar Koreya Respublikasına etirazını bildirib. Həmin adalara Yaponiya da iddia edir.


AZƏRTAC xəbər verir ki, bu barədə Yaponiya Nazirlər Kabinetinin baş katibi Yoşihide Suqa fevralın 5-də keçirilən mətbuat konfransında bəyan edib.


"Bu, bizim hökumətin mövqeyinə ziddir və tamamilə qəbuledilməzdir. Bununla əlaqədar diplomatik kanallar vasitəsilə Cənubi Koreyaya etiraz göndərilib”, - deyə baş katib qeyd edib.


Vahid bayraq və ya birlik bayrağı adlandırılan bayraq fevralın 4-də iki Koreyanın hokkey üzrə qadınlardan ibarət birgə yığma komandasının İsveç komandası ilə yoldaşlıq görüşü zamanı qaldırılıb. Beynəlxalq yarışlarda vahid Koreya nümayəndələrinin birgə iştirakı üçün həmin bayraq 1991-ci ildə təsis edilib. Həmin vaxt iki ölkənin birgə komandası Yaponiyada keçirilən stolüstü tennis üzrə Dünya çempionatında iştirak edib.


Takeşima arxipelaqı kiçik adalar qrupundan ibarətdir və koreyalıların Şərq dənizi adlandırdığı Yapon dənizinin qərbində yerləşir. İnsanların yaşamadığı həmin adalar 1945-ci ildə Koreya Yaponiya işğalından azad edildikdən sonra beynəlxalq mübahisə predmetinə çevrilib. Hazırda bu adalarda Koreya Respublikasının silahlı qüvvələrinin kiçik hərbi qarnizonu yerləşir. Rəsmi Tokio isə bildirir ki, 1905-ci ildə Yaponiya imperiyasının tərkibinə daxil edilmiş həmin adaları Koreya Respublikası işğal edib.

Xəbər lenti