Xəzər Xəbər

Ərdoğan Makron ilə "Zeytun budağı" əməliyyatını müzakirə edib

Dünya | 09:33 • 4 Fevral 2018
Ərdoğan Makron ilə "Zeytun budağı" əməliyyatını müzakirə edib

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Fransa prezidenti Emmanuel Makron arasında telefon danışığı olub.

Xezerxeber.az-ın məlumatına görə, telefon danışığı zamanı tərəflər Türkiyənin Suriyanın Afrin bölgəsində keçirdiyi "Zeytun budağı" əməliyyatını, ötən həftə Rusiyanın Soçi şəhərində keçirilən Suriya Milli Dialoq Konqresini və ikitərəfli münasibətləri müzakirə ediblər.

Ərdoğan Türkiyənin hər hansı dövlətin ərazilərini ələ keçirməyə çalışmadığını bildirərək vurğulayıb ki, "Zeytun budağı" əməliyyatının məqsədi Afrindəki PYD/YPG və İŞİD terrorçularının məhv edilməsidi.

Əməliyyatın gedişi haqqında danışan Türkiyə prezidenti qeyd edib ki, PYD/YPG terrorçuları Türkiyənin Hatay və Kilis əyalətlərini raket atəşinə tuturlar.

Bundan əlavə, hər iki lider ikitərəfli münasibətlər və Suriyada siyasi proses başda olmaqla regional problemlər üzrə məsələlərdə sıx əlaqələr saxlamağa razılaşıblar.

Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin şəhərində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.

Xəbər lenti