Xəzər Xəbər

Kəskin soyuqlar Qazaxıstanda problemlər yaratdı

Dünya | 17:13 • 22 Yanvar 2018
Kəskin soyuqlar Qazaxıstanda problemlər yaratdı

Qazaxıstanın paytaxtında və ölkənin şimal əyalətlərində son illərin ən şaxtalı hava şəraiti hökm sürür. Temperatur bir çox bölgələrdə mənfi 50 dərəcədən də aşağı düşüb.

Bu səbəbdən Akmola, Karaqanda, Kostanay, Şərqi və Şimali Qazaxıstan vilayətlərində, o cümlədən paytaxt Astanada şəhər meriyasının qərarı ilə məktəblərdə, liseylərdə və universitetlərdə dərslər dayandırılıb. Yerli hakimiyyət orqanlarının qərarı ilə hava şəraiti normallaşana qədər vətəndaşların dizel yanacağı ilə işləyən avtomobillərdən istifadəsinə qadağa qoyulub. Akmola vilayətində üç nəfər şaxtadan donaraq ölüb.

Ərazisinin böyüklüyünə görə Qazaxıstanda eyni fəsildə müxtəlif iqlim şəraiti mövcud olur. Belə ki, ölkənin şimal əyalətlərində möhkəm şaxtaların hökm sürdüyü bir vaxtda bəzi cənub əyalətlərində qış fəsli üçün xarakterik olan normal hava şəraiti müşahidə edilir.

Qazaxıstan Meteorologiya Baş İdarəsi anomal soyuqların yanvarın 26-dək davam edəcəyini bildirib və ciddi zərurət olmadığı hallarda vətəndaşlara açıq havaya çıxmamaqla bağlı xəbərdarlıq edib.

Xəbər lenti