Xəzər Xəbər

ABŞ-ın veteran kəşfiyyatçıları prezidentin İran siyasətini yanlış hesab edirlər

Dünya | 14:56 • 11 Yanvar 2018
ABŞ-ın veteran kəşfiyyatçıları prezidentin İran siyasətini yanlış hesab edirlər

Vaxtı ilə ABŞ-ın xüsusi xidmət orqanlarında çalışan kəşfiyyatçılardan ibarət Assosiasiya (Veteran Intelligence Professionals for Sanity) memorandum imzalayaraq Prezident Donald Trampa göndəriblər.

Veteran kəşfiyyatçılar ABŞ administrasiyasından tələb edirlər ki, İrana qarşı irəli sürülən ittihamlara son qoyulsun. Qeyd olunur ki, ABŞ rəsmiləri İranı beynəlxalq terrorçuluğu dəstəkləməkdə günahlandırırlar. Halbuki aparılan araşdırmalar nəticəsində məlum olub ki, İran heç bir terrorçu qruplaşma ilə əlaqə saxlamır və onları dəstəkləmir. Sənəddə bildirilir ki, radikal terrorçu qruplaşmaları Vaşinqtonun müttəfiqləri maliyyələşdirirlər.

ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsində (MKİ) çalışmış və böyük rütbələrə qədər yüksəlmiş veteranlar memorandumda bildiriblər ki, son 20 ildə ABŞ-ın xaricdəki hərbi bazalarına hücumlarda İran iştirak etməyib.

Prezident Corc Buş da 10 il əvvəl İran ilə müharibə etmək fikrində idi. Lakin o vaxt MKİ-nin veteranları prezidentə müraciət edərək bildirdilər ki, İranın nüvə silahı yoxdur və bu dövlətlə müharibə aparmaq əbəsdir. Bu haqda C.Buş öz memuarlarında da yazıb. C.Buş yazıb ki, "Kəşfiyyatın məlumatına görə İranda nüvə silahı yoxdur. Bir halda ki, bu ölkədə nüvə silahı yoxdursa onda silahlı qüvvələrdən niyə istifadə etməli idim?”

Sənəddə diqqətə çatdırılır ki, Prezident D.Tramp 2017-ci ilin dekabrında ABŞ-ın milli təhlükəsizlik üzrə yeni strategiyasını təsdiq etdi. Strategiyada göstərilir ki, İran terrorçuluğun ən böyük sponsorudur. Lakin bu, belə deyil. MKİ-nin veteranları bildiriblər ki, 2001-ci il sentyabrın 11-də ABŞ-da törədilən terror aksiyasında İranın heç bir rolu olmayıb. Araşdırmalar nəticəsində sübut olunub ki, bu gün dünyada aktiv terrorçuluqla məşğul olan "Boko Haram”, "Əl-Qaidə”, "Taliban”, İŞİD kimi təşkilatların İran ilə heç bir əlaqəsi yoxdur.

Memorandumda bildirilib ki, İranın özü terrora məruz qalan ölkələrdəndir. MKİ-nin keçmiş kəşfiyyatçıları kanadalı araşdırmaçı-jurnalist Şon Neylorun "Amansız zərbə” (Relentless Strike) kitabına istinad edərək bildiriblər ki, ABŞ-ın Xüsusi Əməliyyatlar üzrə Komandanlığı (Joint Special Operations Command, JSOC) İrana qarşı terror aksiyalarında iştirak edib.

Kitabda göstərilir ki, "İran Xalqının Mücahidləri” təşkilatı İrandan köçən emiqrantlardan ibarətdir və Xüsusi Əməliyyatlar üzrə Komandanlıq ilə birlikdə 13 ölkədə İranın səfirliklərinə qarşı terror aksiyaları törədilib. Son 30 ildə bu terror aksiyaları nəticəsində İranın 70-dən çox yüksək səviyyəli diplomatı və dövlət xadimi qətlə yetirilib.

Sənəddə ABŞ-ın BMT yanındakı daimi nümayəndəsi Nikki Heylinin bəyanatlarına da etiraz ifadə olunub. Xanım N.Heyli bəyan edib ki, Yaxın Şərqdə törədilən bütün terror aksiyalarında İran iştirak edib. Lakin diplomat xanımın bəyanatları həqiqəti əks etdirmir. Yaxın Şərqdə həyata keçirilən terror hərəkatında İranın əli yoxdur.

Memorandumun bir həftədən artıq Prezident D.Trampa göndərilməsinə baxmayaraq, Ağ Ev buna heç bir reaksiya verməyib. (AZƏRTAC)

Xəbər lenti