Xəzər Xəbər

Türkiyə və Fransa ABŞ-ı öz qərarını dəyişməyə inandırmaq üçün birgə səylər göstərəcək

Dünya | 18:14 • 10 Dekabr 2017
Türkiyə və Fransa ABŞ-ı öz qərarını dəyişməyə inandırmaq üçün birgə səylər göstərəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dekabrın 6-da Fransalı həmkarı Emmanuel Makronla telefon danışıqları aparıb. Tərəflər Vaşinqtonun ABŞ səfirliyini Qüdsə köçürmək və beləliklə də, şəhəri İsrailin paytaxtı kimi tanımaq qərarını müzakirə ediblər.

Xezerxeber.az Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, Ərdoğan Makronla danışıq zamanı Qüdsün tarixi statusunun qorunmasının bəşəriyyətin öhdəliyi olduğunu vurğulayıb. Tərəflər, həmçinin ABŞ-ı öz qərarını dəyişdirməyə inandırmaq üçün birgə səylər göstərmək barədə razılığa gəliblər.

Bir qədər əvvəl Türkiyə lideri Azərbaycan Prezidenti İlham Əliyev, Qazaxıstan Prezidenti Nursultan Nazarbayev və Livan lideri Mişel Aunla da bu məsələ ətrafında müzakirələr aparıb.

Kremlin mətbuat xidməti Rusiya Prezidenti Vladimir Putinin dekabrın 11-də Türkiyəyə səfəri zamanı Qüds probleminə dair danışıqlara xüsusi yer ayıracağını bildirib.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp dekabrın 6-da Qüdsün İsrailin paytaxtı kimi tanınması barədə bəyanatla çıxış edib. Ağ evin başçısı, həmçinin Amerika səfirliyinin Təl-Əvivdən Qüdsə köçürülməsi üçün Dövlət Departamentinə göstəriş verib. Regionda vəziyyəti gərginləşdirən bu addım bir çox dünya liderləri və beynəlxalq təşkilatlar tərəfindən etirazla qarşılanıb.

Xəbər lenti