Xəzər Xəbər

“Sizi Yanukoviçin taleyi gözləyir” Timoşenkodan ULTİMATUM

Dünya | 19:19 • 9 Dekabr 2017
“Sizi Yanukoviçin taleyi gözləyir”

Ukraynanın məşhur siyasətçisi, "Batkivşina” partiyasının lideri Yuliya Timoşenko ölkə başçısı Pyotr Poroşenkodan Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvilinin azad edilməsini tələb edib.

"Obozrevatel” nəşri xəbər verir ki, Timoşenko Poroşenkonun Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviçin səhvlərini təkrarladığını bildirib.

"Batkivşina” lideri Mixail Saakaşvilinin saxlanılması barədə göstərişin birbaşa olaraq Poroşenko tərəfindən verildiyini iddia edib.

"Siz öz opponentlərinizi barmaqlıqlar arxasına atırsınız. Bunu vaxtilə Yanukoviç edirdi. Hər şeyin nə ilə başa çatdığını xatırlayın. Mən anlayıram ki, Mixail Saakaşvilini baş prokuror, məhkəmə, yaxud da istənilən başqa hüquq-mühafizə strukturu həbs etməyib. Onu siz həbs etmisiniz. Buna görə də sizə müraciət edirəm: dərhal bütün əmrlərinizi ləğv edin! Ukraynanı öz xalqı və bütün dünya qarşısında biabır etməyin. Saakaşvilini dərhal azad edin!”- Timoşenko "Feysbuk” səhifəsində yazıb.

Qeyd edək ki, Saakaşvili dünən Ukrayna Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Keçmiş prezident cinayətkar təşkilatların iştirakçılarına kömək etməkdə və onların cinayətkar fəaliyyətinin gizlədilməsində ittiham olunur. Saakaşvili Ukraynanın sabiq prezidenti Viktor Yanukoviçin yaxın ətrafı tərəfindən maliyyələşmədə şübhəli bilinir.

Ukrayna Baş Prokurorluğunun mətbuat katibi Larisa Sarqan istintaq hərəkətlərinin başa çatdığını bildirib. Onun sözlərinə görə, prokurorlar Saakaşvili barəsində elektron qolbağın daşınması ilə ev həbsi şəklində ehtiyat tədbirinin seçilməsi haqqında xahişi hazırlayırlar./publika.az

Xəbər lenti