Xəzər Xəbər

FTB direktoru Trampa cavab verdi

Dünya | 11:16 • 8 Dekabr 2017
FTB direktoru Trampa cavab verdi

Federal Təhqiqatlar Bürosunun (FTB) yeni direktoru Kristofer Rey dekabrın 7-də ABŞ Konqresinin Nümayəndələr Palatasının hüquq komitəsi qarşısında çıxış edib. Rey Prezident Trampın tvitter səhifəsində FTB-ni tənqid edən qeydlərinə cavab olaraq, bu təşkilatın on minlərlə işçisini dəstəkləyib. O deyib: "Bu təşkilatdan yaxşı müəssisə və orada işləyən, həmin təşkilatın döyünən ürəyi olan kişi və qadınlardan yaxşı işçi yoxdur”.


AZƏRTAC xəbər verir ki, Reyin bu çıxışı onun FTB işçilərini kəskin tənqid edən Prezident Trampa ilk açıq cavab bəyanatı olub. Xatırladaq ki, son istirahət günlərində Tramp öz tvitter səhifəsində FTB-ni "qərəzli müəssisə” adlandıraraq, hazırda bu qurumun reputasiyasının tarixdə ən kədərli vəziyyətdə olduğunu bildirib və daha sonra Büronun yeni rəhbərini "öz evini təmizləməyə” çağırıb.


Qeyd edək ki, Prezident Trampın FTB-nin əvvəlki direktoru Ceyms Komi ilə ciddi fikir ayrılıqları vardı. Həmin vəzifəyə 2013-cü ilin sentyabr ayında o vaxtkı prezident Obama tərəfindən təyin edilmiş Komi cari ilin may ayında Trampın əmri ilə işdən azad edilib.

Xəbər lenti