Xəzər Xəbər

Yaponiya İmperatoru taxtdan imtina edir - Tarix dəqiqləşib

Dünya | 09:38 • 8 Dekabr 2017
Yaponiya İmperatoru taxtdan imtina edir -

Yaponiya hökuməti İmperator Akihitonun 2019-cu il aprelin 30-da taxt-tacdan imtina etməsi barədə rəsmi qərar qəbul edib. Vəliəhd-şahzadə Naruhitonun isə mayın 1-də taxta çıxacağı planlaşdırılır.


AZƏRTAC NHK telekanalına istinadla xəbər verir ki, Yaponiya Nazirlər Kabinetinin dekabrın 8-də səhər keçirilən iclası zamanı nazirlər hazırda yaranan xüsusi vəziyyətlə əlaqədar taxtdan imtina ilə bağlı qəbul edilən qanunvericiliyin həyata keçirilməsi üçün dəqiq tarixi bəyəniblər.


Xatrıladaq ki, ötən həftə İmperator sarayı məsələləri üzrə şura həmin tarixi təsdiq etmişdi. Şuranın tərkibinə Baş nazir Şinzo Abe, paralmentin hər iki palatasının sədrləri, Ali Məhkəmənin hakimləri, həmçinin İmperator ailəsinin üzvləri daxildirlər.


İmperator Akihito son iki yüz ildə Edo dövrünün sonlarında İmpertor olmuş Kokakudan sonra taxtdan sağlığında imtina edən ilk monarx olacaq.


2019-cu ilin mayından başlayaraq, taxtdan imtina etmiş İmperator Akihito "Zyoko”, onun xanımı İmperatriçə Miçiko isə "Zyokoqo” adlanacaq.


Vəliəhd-şahzadə Naruhitonun kiçik qardaşı Akişino "Koşi” adlanacaq ki, bu da onun taxtın varisləri sırasında birinci olduğu mənasını verəcək.

Xəbər lenti